"Yaradıcılığıma ara vermişdim" - Ağadadaş Ağayevdən eksklüziv AÇIQLAMALAR

 13:12 21.05.2019     444

Son vaxtlar efirlərdə az-az görünən Xalq artisti Ağadadaş Ağayev eksklüziv olaraq Redaktor.az-a müsahibə verib. 

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Yaradıcılığıma ara vermişdim. Təlabata görə hərəkət edirəm. İnsanlar keçmiş mahnılarımı eşitmək istəyirlər. Gənc ifaçılar efirdə musiqilərimi oxuyurlar. Mən də istəyirəm artıq onlara yeni nəfəs verim. Bəstələrim var, aranjıman olunub. Onları təqdim edəcəm. Müxtəlif janrda ifalar səsləndirəcəm. Çünki tamaşaçılarım da məndən bunu gözləyirlər. Çox uzatmayacam.

- Efirlərdə az-az görünməyinizin səbəbi nədir?

- Verilişlərə irad tuta bilməyəcəm, işlərinə qarışa bilmərəm. Amma efirə çağıralanda müəyyən məsələlərə diqqət yetirilməlidir. Sənət adamları kaprizli olur, ona görə də hər şey yüksək səviyyədə olmalıdır. Hazırlıqsız olurlar, reklam dəqiqələrinə çox vaxt ayırırlar. Əşyanın reklamı müğənnidən çox olur. Musiqinin gözəl yerində kəsirlər, saat, işarələr göstərirlər, təqdimatda problem yaşanır. Mən bu cür şeyləri çox götür-goy edirəm. Ona görə də efirə can atmıram. Yaxşı aparıcılar da var, anlayışı olmayanlar da. Müəyyən fikirlər söyləyəcəm. Əgər, xalqla üst-üstə düşsə, artıq veriliş söhbətində seçim edəcəm.

- Hansı verilişlərə üstünlük verirsiniz? 

- Seçim etməyə imkanları azalıb, demək olar ki, yoxdur. Verilişin aparıcıları reytinqi düşünür. Ona görə də hər şey qarışıb bir-birinə. Mövzu qoyulur, amma təbəqə düşünülmür. Musiqilərimizin səviyyəsini azaldırlar. Xalqımız zövqlüdür. Ənənəvi müsiqimiz sözünü deyə bilməyəndə boşluğa düşür. Bəzi musiqiləri anlamıram. Meyxana kimi meyxana deyil, musiqi kimi musiqi, söz kimi də söz... Nə janrıdır bu? Oxumurlar, söhbət edirlər. Ona görə də çəkilib, kənarda qalmışıq, neyləyək? Bəzi media nümayəndələri mənə zəng edib, yersiz suallar verirlər. Bu da məni narahat edir. Bir mahnım var, 30-40 ildir məni onunla çağırırlar. Buna görə, bir qız zəng edib mənə deyir ki, Ağadadaş müəllim o mahnını erməni oxuyub, deyir mənimdir. Bu, dəqiq sizin mahnınızdır? Mən onu 40 il öncə ifa etmişəm. O düşmən ifaçının isə 18 yaşı var. Sən, bu tip sualı mənə niyə verirsən axı?

- Son zamanlarda gənc ifaçılar mahnılarınıza müraciət edirlər? Buna reaksiyanız necədir?

- Bəziləri icazə alırlar, digərləri isə yox. Məsələn, Səməd Səmədov mahnımı oxumadan öncə zəng edib, icazəsini aldı. Amma cavanlar götürürlər, aranjıman edib, efirdə oxuyurlar. Sonra aparıcılar onlara irad bildirəndə yadlarına düşür ki, hallalıq, icazə alınmayıb. Bəlkə, sən mənim mahnımı korlamısan? Heç olmasa, yazandan sonra təqdim et. Mən də hə ya yox deyim. Hər mahnıma ömrümü vermişəm. 40 il keçməsinə baxmayaraq hələ də gündəmdədirlər. Gənclərlə necə mübarizə aparım? Ancaq qayda-qanunla tənzimlənməlidir. Sonra onlar biləcəklər icazəsiz mahnı oxusalar, başlarına nə gələcək... Onları tanımıram. Gənclərə qarşı-qarşı dura bilmərəm. Bu, mənim xarakterimə uyğun deyil, yaraşmaz. Hələ ki, sağam. Mahnılarımı oxuyub, təqdim edəcəm ki, dinləyicilər orijinal ifanı eşitsinlər.

- Hüququnuz pozulur. Belə gənc ifaçıları məhkəməyə verəcəksiniz?

- Cavandır, gəncdir. Mən onu necə məhkəməyə verim? Mərhəmətli insanam. Gənc ifaçılar etika qaydalarına riayət etməlidirlər. Əgər, mübahisəli söhbət olarsa, təbii ki, məhkəməyə müraciət edərəm. Cavan uşaqdırlar, onlara kömək etmək istəyirəm. Ayağa qalxsın, inkişaf etsinlər. Məsləhət də verərəm, yetər ki, hər şey etik norma qaydalarına uyğun olsun.

- Türkiyəli müğənni Doğuş, "Sən oldun” mahnınızı oxuyub. Bəyəndiniz?

- Verilişlərin birində Xoşqədəm xanım ifanı mənə sürpriz edib. Normal qarşıladım, halallığını da verdim. Çünki yaxşı oxuyub. Özünəməxsus ifa edib. Doğuşu da çox istəyirəm, çoxdan tanıyıram. Hələ Xoşqədəm xanımla evlənmədən öncə Türkiyə-Azərbaycan müğənniləri arasında Tofiq Bəhrəmov stadionunda futbol oynumuz olub. Mən kapitan idim. Doğuş, mərhum İbrahim Erkal, Çelik də orada iştirak edib. 

Sevda Bayramova / REDAKTOR.AZ