“Xaricdəki kimi ifaçılara pul versinlər” - Efirlərdən kənar qalan MƏŞHURLAR

 16:40 21.05.2019     933

Son zamanlarda müəyyən məşhur simalar gözə dəymir. Bu siyahıda Xalq artistlərindən tutmuş, sadə müğənnilər də var.

Bəs buna səbəb nədir?

Redaktor.az ənənəsinə sadiq qalaraq efirlərdə görünməyən, gündəmdən kənar qalan məşhurları araşdırıb:

Dağıstanın əməkdar artisti Bəsti Bəkirova bildirdi ki, müğənnilərə xaricdəki kimi vəsait ödənilmir:

“İndi hər kəs internet vasitəsi ilə sənətçilərin yaradıcılığı ilə tanış olur. Mən heç televizoru açmıram. 2 aydı ki, ümumiyyətlə baxmamışam. Geyin, bəzən, kiminsə qabağında oxu, vaxtını boş-boş şeylərə sərf et, kimə lazımdır bu? Ondansa, xaricdəki kimi ifaçılara pul versinlər”.

Xalq artisti Əminə Yusifqızı Redaktor.az-a dedi ki, ancaq sanballı layihələrdə iştirak edir. Şou onluq deyil:

“Nə vaxt lazımdırsa, gedirəm. Hər verilişə getməliyəm ki? Şoulara qatılmıram. Ancaq xüsusi, səviyyəli, sanballı layihələrə gedirəm. Gənc vaxtım deyil ki, naz edim".

Əməkdar artist Bəsti Sevdiyeva da veriliş seçimi edən sənətçilərdəndir:

Vaxt olanda efirə çıxıram. Pedaqoji fəaliyyətlə məşğul olduğum üçün son zamanlarda vaxt azlığı, iş çoxluğu yaşayıram. Hər dəvət olunan yerə də getmək olmur. Sayılan, seçilən, özümü gördüyüm layihələrə qatılıram”.

Müğənni Elza Qaybaliyeva efirlərə az-az dəvət olunanlar siyahısındadır:

“Yaradıcılığımla məşğulam. Efirlərə dəvət alınanda gedirəm. Kimin isə qapısını döyən deyiləm ki. Müəyyən verilişlər var, xarakterimə uyğun deyil, ona görə də çıxmıram. Efirlərin vəziyyəti o qədər də yaxşı deyil. Hər yerdə eyni ifaçılar efirdədir”.

Xalq artisti Ağadadaş Ağayev Redaktor.az-a açıqlamasında bildirdi ki, efirlərdə müəyyən problemlər yaşanır:

"Verilişlərə irad tuta bilməyəcəm, işlərinə qarışa bilmərəm. Amma efirə çağıralanda müəyyən məsələlərə diqqət yetirilməlidir. Sənət adamları kaprizli olur, ona görə də hər şey yüksək səviyyədə olmalıdır. Hazırlıqsız olurlar, reklam dəqiqələrinə çox vaxt ayırırlar. Əşyanın reklamı müğənnidən çox olur. Musiqinin gözəl yerində kəsirlər, saat, işarələr göstərirlər, təqdimatda problem yaşanır. Mən bu cür şeyləri çox götür-goy edirəm. Ona görə də efirə can atmıram. Yaxşı aparıcılar da var, anlayışı olmayanlar da. Müəyyən fikirlər söyləyəcəm. Əgər, xalqla üst-üstə düşsə, artıq veriliş söhbətində seçim edəcəm".

Sevda Bayramova / REDAKTOR.AZ