Kamil Zeynallı söydüyünə görə ÜZR İSTƏDİ - "Problemi həll etdik"

 15:36 21.05.2019     581

Məşhur idmançı, məşqçı Kamil Zeynallının borc müqaviləsinin etibarsız sayılması iddiası ilə bağlı məhkəməyə müraciət etməsi gündəmi alt-üst edib. Mediada Zeynallının 30 000 manat borcu olduğu iddia edilib.

Kamil Zeynallı Redaktor.az-a açıqlamasında yayılan xəbərin yalan olduğunu, heç bir borcunun olmadığını bildirdi:

Yalan xəbərdir. Mən heç kimdən borca pul alıb, verməmişəm. Sadəcə üçüncü şəxs kimi zamin durmuşam. Yazığım gəldi, qayınanam tərəfindən qohum düşürdü, ona kömək etdim. Borca götürən xanım sələmçidən pul götürüb. O, 7 ay müddətində 21 000 manat pul ödəyib. 30 000 manata görə ayda 3 000 manat ödəməli idi. Bu şərtlərdən xəbərim yox idi. Mənə yalandan deyirdi ki, ayda 1500 manat pul verirəm. Son iki ayını verə bilmədiyinə görə, sələmçi məni araşdırıb. Üzərimə olan evi, avtomobili görüb, məhkəməyə verib və 30 000 manat tələb edir. Vaxtında ayıldım və adımdan hər şeyi çıxartdım. İndi heç bir problem yoxdur. News24.az saytına zəng edib, xahiş etdim, yazı silinsin. Çünki bu, şəxsiyyətimə və karyerama zərbədir. Məni dinləmədilər, söydüm. Oranın baş redaktoru dostumun həyat yoldaşı olduğuna görə, mədəni söhbət etdik və ona görə üzr istədim. Problemi həll etdik. Dünən məhkəməyə vermək istəyirdilər, indi isə xəbərim yoxdur. Gündəmdə də insan kimi qalmaq lazımdır”.

Faktla bağlı News24.az saytının baş redaktoru Ülkər Qasımova Redaktor.az-a danışdı:

“Qarşı tərəf üzr istədi. İnsan əsəbi olub, nəyisə danışa bilər. Ona görə pis təsir etdi. Nəticədə cəzalandırıla bilər, amma əhəmiyyət görmürəm. Məhkəmə üçün sənət hazırlanıldı. Amma sülh yolu ilə problemi həll etdik. Azərbaycanlıyıq, eyni milletin övladlarıyıq”.

Sevda Bayramova / REDAKTOR.AZ