“Həyatımı başdan-ayağa teatra döndərənlər var" - Məşhurlar niyə teatrlara getmirlər?

 18:30 22.05.2019     1515

Teatrlar, muzeylər, kitabxanalar, mədəniyyətimizin və incəsənətimizin dəyərli inciləridir.  

Görəsən, şou nümayəndələri sonuncu dəfə nə vaxt və hansı teatrda olub, tamaşa izləyiblər? Mədəniyyət ocaqlarımızın hazırkı vəziyyəti onları qanə edirmi?

Redaktor.az-a açıqlama verən Xalq artisti Flora Kərimova sonuncu dəfə hansı tamaşanı izlədiyini xatırlamır:

“Həyatımı başdan-ayağa teatra döndərənlər var. Axrıncı dəfə, nə vaxt olduğum yaddımda deyil”.

Aparıcı Şəhriyar Əbilov teatrlara getməyi sevir.  O, son 1 ildə hətta qonşu ölkə-Türkiyənin hazırladığı səhnə əsərlərini izləyib:

Son 1 ili Türkiyədə olan zaman, fərqli-fərqli tamaşalara gedirdim. Orada özəl teatrlar çoxdur, restoranlarda səhnə əsərləri qoyulur, pantomima janrında tamaşalar nümayış olunur. İnsanları kinoya və tamaşalara baxmağa dəvət edirəm. Çünki bu, çox vacibdir. Teatr aktyorlara qarşı diqqətin göstəricisidir. Həm də onların maaşlarına qatqıdır. Öyrənirik, bundan gözəl nə ola bilər? Azərbaycanda da, yaxşı tamaşalar qoyulur. Fuad Poladovun bütün səhnə əsərlərinə baxmışam. Sözsüz ki, darıxdırıcı tamaşalar da olur. Bir arzum var, teatr işçilərinin maaşı qalxsın. Ən azı 500 manat vəsait qazansınlar. Aktyorlar həvəslə gedib işlərini görsünlər, biz də zövqlə nəticəni izləyək”.

Müğənni Afət Fərmanqızı sonuncu dəfə Musiqili Komediya Teatrında olub:

“Teatrlara getməyi xoşlayıram. Amma vaxt azlığı yaşayıram. Sonuncu dəfə nə vaxt getdiyimi heç xatırlamıram. Səhv etmirəmsə, Musiqili komediya teatrında Afaq Bəşirqızının rol aldığı “Bankir adaxlı” tamaşasını izləmişəm”.

Müğənni Pərvin Lətifov teatrlara tez-tez baş çəkmir:

“Tamaşalara çox getmirəm. Sonuncu dəfə Rus Dram teatrının ərsəyə gətirdiyi səhnə əsərini izləmişəm”.

Müğənni Nura Suri aktyorlarımızın səhnə ifasını yüksək qiymətləndirdi:

“Teatrı sevirəm. Amma bütün tamaşalar altıncı və bazar günü axşamlar nümayiş olunduğundan vaxtım qalmır. Çünki həftəsonu çalışırıq. Sonuncu dəfə “Qatil” adlı tamaşanı izləmişəm. Aktyorlarımızın səhnə ifası çox yüksəkdir. Hətta “Oskar” a layiq aktyorlarımız var. Tamaşaçılar teatr ilə kinonu, emosiya ilə süniliyi səhv salırlar”.

Müğənni Rüfət Axundov sonuncu dəfə mərhum dayısının rol aldığı səhnə əsərinə baxıb:

“Tələbəlik vaxtlarımdan teatrlara getməyi çox sevmişəm. Sonuncu dəfə mərhum dayım Yaşar Nurinin rol aldığı “Ah Paris Paris” tamaşasını izləmişəm. O zamanlar hər şey yüksək səviyədə idi. Maraqlı səhnə əsəri olsa, niyə də yox? Mütləq gedib, izləyərəm”.

Şairə Nazilə Səfərli də, teatrlara getməyi sevir:

“Teatra getmək mədəniyyətə dəyər verməkdir. Sonuncu dəfə Akademik Milli Dram Teatrında Xalq artisti Mələykə Əsədovanın rol aldığı səhnə əsərini izləmişəm.”

Aktyor Elnur Mahmudov isə əksinə:

“Getməmişəm, amma istəyərdim. Sonuncu dəfə nə vaxt teatra getmişəm xatırlamıram. Vaxt məhduddur".

Müğənni Aynur Dadaşova aktyorlarımızın süniliyindən gileyləndi:

“Teatra getməyi sevirəm, amma vaxtım  olmur. Evdə uşaqlarımı böyütməklə məşğulam. Əvvəlki aktyorlarımız yoxdur. Onları əvəz edən digər sima yoxdur. Yaşar Nuri, Amaliya Pənahova... İndiki aktyorlar da təbiilik yoxdur".

Aktyor Elməddin Cəfərov Redaktor.az-a dedi ki, aktyorun ifasından çox şey asılıdır:

“Bəzi səhnə əsərlərindan xoşum gəlir, bəzilərini isə o qədər də bəyənmirəm. Aktyorun ifasından asılıdır. Sonuncu dəfə Ziya Ağa ilə Günay Əhmədin rol aldığı tamaşanı izləmişəm”.

Aparıcı Lalə Əlimuxtarova qızı ilə teatrlara getməyi xoşlayır:

“Əvvəllər maqazin verilişini idarə etdiyim üçün, bütün teatrlara gedirdim. 80% tamaşalara baxmışam. Yuğ teatrının əsərlərini və qızımla nağılları izləməyi sevirəm. Sonuncu dəfə   “Cırtdanın nağılı” tamaşasına baxmışam. Kamera Teatrında Rüstəm İbrahimbəyovun "Gecikmiş avqust" pyesində isə rol almışam. Teatrı sevirəm. Amma son vaxtlar uşağımla məşğul olduğumdan, rayonlara çəkilişlərə getdiyimdən, tamaşalara gedə bilmirəm”.

Müğənni Nadir Qafarzadə Redaktor.az-a açıqlama verdi:

“Teatrlara hələ 80-ci illərdən gedirəm. Ən sevdiyim Akademik Milli Dram teatrı olub. Ailəmlə İlyas Əfəndiyevin, xarici dramaturqların tamaşalarını izləmişəm. Akademik Opera və Balet Teatrında “Karmen”ə baxmışam. Gənc Tamaşaçılar teatrında da maraqlı səhnə əsərləri var. Bununla yanaşı xanımımla Ukraynanın Lvov şəhərində Pyotr Çaykovskinin “Sonalar gölü” adlı səhnə əsərini izləmişəm. Soncu dəfə isə bir neçə gün öncə Üzeyir Hacıbəylinin “O olmasın bu olsun” operettasına baxdım. Əgər, işdən əlavə mədəniyyət ocaqlarına gedə biliriksə, nə xoş bizə. Düzdür, hər sahədə olduğu kimi mədəniyyət və incəsənətdə də, geriləşmə var. İstedadlı aktyorlarla yanaşı, qeyri-peşəkarlar da var. Yaxşı və keyfiyyətli tamaşalar hazırlansa, kinolar çəkilsə, daha yaxşı olar. Buna ehtiyac var. Azərbaycan tamaşaçısı Rusiyanın yox, məhz Azərbaycan aktyorlarının ifasını izləməlidirlər”.

Prodüser Mədinə Malik bəzi səhnə əsərlərində geyim problemlərin olduğunu bildirdi:

“Vaxt məhdudiyyəti yaşayıram. Uşağıma zaman ayırmağın daha vacib olduğunu düşünürəm. Axırıncı dəfə Rövşən Cəbrayılovun “Revizor” tamaşasanı izlədim, zövq aldım. Getdiyim səhnə əsərləri yüksək və peşəkar səviyyədədir. Ancaq bəzilərində geyim problemi yaşanır, buna diqqət yetirsələr, yaxşı olardı”.

Əməkdar artisti Ədalət Şükürov teatra marağı olmadığını etiraf etdi:

Dostlarımız dəvət edir, amma vaxt olmur. Bəzi insanlar teatrladır, yəni bu sahə ilə yaxından maraqlanır, hər tamaşaya gedirlər. Amma təəssüf ki, mən elə deyiləm. Sonuncu dəfə illər öncə Tunisdə açıq havada tamaşa izləmişəm”.

Müğənni, aparıcı Türkan Heydərova mütəmadi olaraq mədəniyyət ocaqlarına gedir:

“Mədəniyyət və İncəsənət universitetində oxuyan zamanlarda tələbə biletimiz var idi. Hər gün pulsuz tamaşalara baxırdıq. İndi də tez-tez gedirəm. Sonuncu dəfə mayın 7-də Xalq artisti Mələykə Əsədovanın iştirak etdiyi tamaşaya baxmışam”.

Müğənni Aslan Hüseynovun tamaşanı sonuna qədər izləməyə səbri çatmır:

“Teatr insanın zövqünü formalaşdırmaq üçün yaxşı məktəbdir. Amma səbrim çatmır. Bir neçə dəfə maraqsız tamaşalara getdim və yarımçıq tərk etdim. Ondan sonra mədəniyyət ocağından uzaqlaşdım”.

Aparıcı Lalə Mustafayeva Redaktor.az-a bildirdi ki, teatrlarda təbliğat zəifdir:

“Əfsuslar olsun ki, teatrlara getmirəm. İstərdim tamaşaların anonsları olsun. Təbliğat işi getsin”.

Sevda Bayramova / REDAKTOR.AZ