“Azərbaycan mənə dar gəlir" - Məşhurlarımızı xarici ölkələrdə nə cəlb edir?

 17:08 22.05.2019     490

Şou-biznes nümayəndələrinin əksəriyyəti istirahət üçün müxtəlif xarici ölkələri seçirlər. 

Maraqlıdır, görəsən, xarici ölkələr bizdən nələri ilə fərqlənir? Məşhurlarımızı nə cəlb edir?

Redaktor.az-a açıqlama verən müğənni, model Afaq Aslan ölkədan kənarda istirahət etməyi sevir. O, böyük şəhərlərə üstünlük verir:

“Depressiyaya düşəndə səyahət edirəm. Hesab edirəm ki, bu problemin ən gözəl dərmanı elə gəzməkdir. Favorit ölkələrim var. Şəhərlərdən İstanbul, Moskva və Dubayı, ölkələrdən isə Gürcüstanı bəyənirəm. Əsas fərq onların əhalisinin çox olmasıdır. Əhval-ruhiyyəm pis olanda Azərbaycan mənə dar gəlir. Qaçıram böyük şəhərlərə. Dubay bahalı və dəbdəli şəhərdir. Azərbaycanda səyahət etməyə vaxtım çatmır. İşimlə əlaqədar xaricdə istirahət edirəm”.

Əməkdar artist Ədalət Şükürov Redaktor.az-a dedi ki, nə qədər ölkə gəzsə də, Azərbaycandan yaxşısı yoxdur:

“Xarici ölkələrdən zövq alırsan, amma 1, 2 ay yaşayandan sonra problemlər yaranır. Mentalitet, təbiət fərqlidir. Mən eqzotik ölkələri sevirəm. Məsələn, Azərbaycanda hansı qapıya getsən, üzünə xoş baxıb, qarşılayırlar. Amma xaricdə kiminsə qapısını döyüb, su istəsən, səni polisə şikayət edərlər. Azərbaycanda hər hansısa uşağı öpüb, qucaqlayarsan. Amma əcnəbilər bunu başqa cür yozur”.

Əməkdar artist Abbas Bağırov şirniyyat sevəndir. Sənətçi vurğuladı ki, əsas fərq müəyyən un məmulatlarının bizdə olmamasındadır:

“Xarici ölkələri gəzmək, dünyagörüşü artırır, digər millətlərin adət-ənənəsi, tarixi ilə tanış olmaq üçün yaxşı vasitədir. Özünkü ilə müqaisə edəndə, çox fərq tapılır. Sözsüz ki, Azərbaycan mənim üçün nömrə birdir. Xarici, səyahət üçün seçirəm. Yaşamağa vətən yaxşıdır. Avropanın demək olar ki, bütün ölkələrində olmuşam. Fransada şirin məhsullar çox dadlı olur. Onlardan Bakıda tapmaq mümkün deyil. Mövsümü meyvələrin dadı isə Avropada yoxdur. Amerikada “National geografik” muzeyində olmuşam. Orada dinozavrın sümüklərini gördüm. Azərbaycanda bu cür muzeylər yoxdur”.

Xalq artisti Ağadadaş Ağayev Redaktor.az-a açıqlamasında bildirdi ki, xarici ölkələrdə insanlar daha anlayışlı və mədənidirlər. Əsas fərq, insanlıq keyfiyyətlərindədir:

“Konsertlərimlə əlaqədar xaricə səfərlərim olub. Bir neçə möcüzəli yeri gəzmişəm. Piramidalar, Niaqara şəlaləsi. Ancaq Avstraliyaya və Yaponiyaya səyahət etməmişəm. Onların cəmiyyəti pozitivdir. Məsələn, Koreyada səhər-səhər insanlar bir-biri ilə görüşüb, baş əyir, yaxşı yol arzu edir. Şəhərlər təmizdir. Azərbaycanda yol gedərkən hər saniyə siqnallar verilir. Avtomobil idarə edəni narahat edir. Küçələri çirkləndirirlər. Fransada metroda sərnişinlər üçün müəyyən yer açılıb, indi də burda hər kəs bunu tələb edir. Avropada nəyi görürüksə, onu istəyirik. Hər şeyin ən gözəli Azərbaycanda olub, sadəcə olaraq dəyərlər dağılır. Tarixi yerlərimizi qorumalıyıq”.

Sevda Bayramova / REDAKTOR.AZ