“Ramal məşhurları qınamaqdansa..." - Krevetka yeyən məşhurları ələ salan müğənniyə CAVAB

 18:15 22.05.2019     846

Müğənni Ramal İsrafilovun söylədiyi fikir məşhurlar arasında söz-söhbətə səbəb olub.

O, “İnstagram”da yeməyi paylaşan və reklam edən məşhurları qınayıb:

"Sənətçi dostlarıma bunu yaraşdırmıram. Xahiş edirəm, tamaşaçı qarşısında krevetka soyub yeməyin. Sənətçiyə yaraşmır. Mən nə ayaqqabı, nə ətir, nə yemək, nə də krevetka istəyirəm. Gedib pulumu verib, alıram. Tamaşaçı bizim sənətimizi görmək istəyir".

Məşhurlardan Ramalın fikirlərinə cavab gecikməyib:

Prodüser Mədinə Malik hesab edir ki, Ramazanda yemək paylaşmaq olmaz, amma dost-tanışın məkanlarının açılışını reklam etmək olar:

“Ramal məşhurları qınamaqdansa, digər problemləri, çevrəsi haqqında düşünsün. Ondan bu cür açıqlama gözləmirdim. İnsan danışanda fikirləşməlidir. Əgər, gözündə tir varsa, başqasının gözündə çöp axtarmasın".

Müğənni, aparıcı Türkan Heydərova bildirdi ki, heç kimin kimisə qınamaq ixtiyarı yoxdur:

“Düzgün etmir. Heç kim, heç kimi qınamamalı, işinə qarışmamalıdır. Mən “İnstagram” vasitəsi ilə reklam edib, pul qazanıram. Demirəm çox, amma qazanıram. Müəyyən xərclərimi azaltmışam. Gözəllik salonlarından, geyim mağazalarından reklam əldə edirəm”.

Aparıcı, aktrisa Aynur Bağırova lazım olanda “İnstagram”da reklam edir.

“Hər kəs şəxsi səhifəsini özü bilər necə idarə edər. Hər şeyi reklam etmirəm. Amma lazım olanda, bu işə əl atıram. Ramalın fikridir. O ki, qaldı digər müğənnilərə, heç kimin ixtiyarı yoxdur, araya məsxərə qoysun”.

Aparıcı Lalə Mustafayeva Redaktor.az-a bildirdi ki, hər kəsin hesabat xarakterli səhifəsi var:

“Heç kim deyə bilməz nəyisə paylaşma, yazma. Mən “İnstagram”da nəyisə bəyənməyəndə baxmadan keçirərəm”.

Meyxanaçı Samirə Yusifqızı sosial şəbəkədə yemək reklam edib:

“Ona elə adam baxa bilər ki, almağa imkanı çatmaz. Mən bir neçə dəfə yemək reklam etmişəm. Amma sonra peşıman oldum”.

Sevda Bayramova / REDAKTOR.AZ