“Xəbər oxumaq hər adamın işi deyil” - Əsl xəbər aparıcısı necə olmalıdır?

 18:08 24.05.2019     629

Biri xəbəri qışqıra-qışqıra təqdim edir. Digəri çox gözə çarpan makiyaj etdirib, rəngarəng paltar ilə efirə çıxır. Bəziləri isə ölüm xəbərini gülümsəyərək tamaşaçıya çatdırır.

Bəs əsl xəbər aparıcısı necə olmalıdır?

Redaktor.az-a açıqlama verən Xalq artisti Ofeliya Sənani bildirdi ki, əsl xəbər aparıcısı ciddi geyinməlidir:

“Xəbər aparıcısı daim rəsmi geyimdə, məhz pencəkdə olmalıdır. Donda, qısa qol ilə efirə çıxmaq olmaz. Çünki xəbərlərə hər kəs baxır. Xəbəri, xəbərdən ayırmaq lazımdır. Bir dəfə, aparıcılardan biri SSSR-nin Xalq artisti Kobzonun rəhmətə getdiyini bildirdi. Axı bu Kabzondur. Vurğunu səhv vurub, özüdə gülə-gülə xəbəri çatdırıb. Ölüm xəbərini bir balaca qəmgin səs ilə çatdırmalısan. Şən xəbəri isə əksinə sevinə-sevinə oxumalısan. Münasibət bilinməlidir. Xəbərdə uzun saçlı aparıcı olmamalıdır.  Əgər, sən, bu janrın aparıcısısansa, çiynində, uzun saçını burub, yanına atmamalısan. Bu, artıq konsert proqramının saçıdır. Xəbərin içində olmalısan. Qışqırmaq yox, tamaşaçı ilə söhbət etməlisən. Tələsmədən o məlumatı izah etməlisən. Ləhcən olmamalıdır. Təcrübələri yoxdur, cavandırlar. Xəbər oxumaq, hər adamın işi deyil".

Sevda Bayramova / REDAKTOR.AZ