Bu məşhur dənizdə boğulma təhlükəsi yaşayıb, 7 gün komada qalıb - Tanınmışların FOBİYALARI

 16:25 25.05.2019     1185

Hündürlük, dəniz, qaranlıq və bu kimi, bir sıra fobiyalar mövcuddur. Amma maraqlısı ondan ibarətdir ki, məşhurlarımızın əksəriyyətinin gizli qorxuları var.

Redaktor.az tanınmışların fobiyalarını araşdırıb:

Müğənni Nura Surinin bir yox, bir neçə fobiyası var:

“Hətta bəzi fobiyalarım balaca oğluma da keçib. Əvvəllər təmizlik fobiyam var idi. Əlimi hara vururdum, elə bilirdim hər yer mikrobdur. Daim özümlə anti-bakterial gəzdirirdim. Başqa yerdə yemək yemirdim, hamama girmirdim. Amma, artıq bundan azad oldum. Panikatakam. Qapalı, insanların çox olduğu yerdə dura bilmirəm. Böyük konsertlərə gedə bilmirəm. Tədbirlərdə işçilərim məni insan sıxlığından qoruyurlar. 6 saatdan çox təyyarədə getsəm, fobiyam tuta bilər. Sənətimdə manə olan qorxum var. İnsanların çox olduğu yerdə canlı oxuya bilmirəm. Ancaq yanımda adam olanda rahatlaşıram. Hətta studiyada səs rejissorundan başqa digər, kənar şəxs olsa, səsyazma alınmır. Kino aktrisası ola bilərəm, amma teatrda yox. Uzun tuneldə gedə bilmirəm, küləyin səsindən qorxuram”.

Xalq artisti Naibə Allahverdiyeva evdə tək qala bilmir.

Əməkdar artist Gülüstan Əliyevanın da fobiyaları var:

“Dar paltar geyinə bilmirəm, pəncərəsiz otaqda qala bilmirəm”.

Şairə Nazilə Səfərlinin fobiyası var:

"Suda boğulmaqdan qorxuram. Bir dəfə kinoda boğulma səhnəsini gördüm, ondan sonra 1 ay özümə gələ bilmədim".

Aktyor, parodiyaçı Elnur Mahmudovun və aparıcı Lalə Əlimuxtarovanın təyyarəyə qarşı fobiyaları var.

Müğənni, aparıcı Türkan Heydərovanın qorxuları var:

“İllər öncə aerofobiyam var idi. Təyyarəyə minməkdən qorxurdum. Amma səfərlərim artdıqça, anladım təyyarənin təhlükəsiz nəqliyyat olduğunu və fobiyamdan azad oldum. İndi isə akrofobiyam var. Yeni tikili binada yaşaya bilmirəm, hündürlükdən çox qorxuram”.

Müğənni Kamil Cəfərovun qaranlığa qarşı fobiyası var.

Aparıcı Lalə Mustafayeva pilləkənlərdən tez-tez düşə bilmir. Bununla yanaşı havasız yerdə qala bilmir.

Müğənni, meyxanaçı Samirə Yusifqızı yüksəklikdən və yanğından qorxur.

Aparıcı Azər Axşamın, aktyor Elməddin Cəfərovun, müğənni Aslan Hüseynovun hündürlük fobiyası var.

Müğənni, aktyor Cavidan Novruz hündürlükdən və bəzi heyvanlardan qorxur.

Aktrisa Aynur Bağırovanın dənizə qarşı fobiyası var.

Müğənni Elvin Abdullayevin də, fobiyaları var:

“Arsız, həyasız insanlara qarşı fobiyam var. Həmçinin də liftdə qalmaqdan qorxuram”.

Müğənni Xuraman Şuşalı bu və o biri dünyada yanmaqdan qorxur.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun özünəməxsus fobiyaları var:

"Mənfi enerjisi, riyakar aurası olan insanları yüz addımdan hiss edib, qorxuram. Onlarla qarşılaşanda başım ağrayır, ürəyim bulanır. Çox zaman bu kimi insanlardan uzaq dursam da, alınmır. Pis hava şəraiti kimidirlər".

Aparıcı Humay Muxtarova Redaktor.az-a gözlənilməz etiraf etdi:

“6 yaşımda dənizdə boğulma təhlükəsi yaşadım. 7 gün komada yatdım. Ondan sonra dənizə qarşı fobiyam yarandı”.

Sevda Bayramova / REDAKTOR.AZ