"Küçə və toy mahnılarının səsləndiyi efirlərə getmirik" - Efirlərdən kənar qalan MƏŞHURLAR

 17:42 27.05.2019     673

Son zamanlarda müəyyən məşhur simalar gözə dəymir. Bu siyahıda Xalq artistlərindən tutmuş, sadə müğənnilər də var.

Bəs buna səbəb nədir?

Redaktor.az ənənəsinə sadiq qalaraq efirlərdə görünməyən, gündəmdən kənar qalan məşhurları araşdırıb:

Əməkdar artist Ədilə Əflaki vaxtı ilə məşhur aparıcılardan birindən onu verilişə dəvət etməyini xahiş edib. Ancaq aparıcı ona yox deyib:

“Vətənpərvər mahnılarım çoxdur. Amma dəvət etmirlər verilişlərə. Sonuncu dəfə 2018-ci ildə efirdə olmuşam. Aparıcı Nanədən xahiş etdim ki, yubileyimdir, veriliş hazırlansın mənim üçün, amma çəkmədi. Səkinə İsmayılovadan öncə sənətə gəlmişəm. Hətta özü də bunu etiraf edir. Ayağımın altında gül çələnglərinə, böyük, işıqlı meydançalara ehtiyacım yoxdur. Sadəcə olaraq, yaradıcılığımın hesabatını vemək istədim, o da çağırmadı. Mən sözü bir dəfə deyirəm. Dəvət etsələr, böyük məmnuniyyətlə gedərəm. Xidmətdir, hər zaman borcumdur. Hara gedirsənsə, səviyyəsiz suallar verilir, pul ilə çıxan müğənnilərdir”.

Xalq artisti Arif Quliyevin yeni layihələri gözlənilir:

““Ay ay ay” filminə çəkilirəm. Daha 2 layihəyə dəvət almışam. Hələ ki, sağlamlığımla məşğulam. Mənə uyğun veriliş olanda dəvəti qəbul edirəm. Harada sənətdən, teatrdan söhbət gedir, orada mən varam. Amma şou verilişlərinə getmirəm, istirahət edirəm. Çünki ora müğənnilər üçün nəzərdə tutulub”.

Xalq artisti Aftandil İsrafilov hər gün verilişlərə çıxmaq istəmir:

“Yaradıcılığımla məşğulam. Yeni rəqs musiqiləri yazdırdım. Gündə verilişə çıxsam, çətinlik çəkərəm. Efir üçün güclü hazırlaşmaq lazımdır. Elə-belə olmaz. Öhdəmə düşənlərə qatılıram”.

Rejissor, aktyor Aqil M. Quliyev mövzuya münasibət bildirdi:

Çağırılan yerə gedirəm. Bir dəfə verilişlərin birinə qatıldım. Sağdan-soldan qırğın getdi. Sonra özüm-özümə fikirləşdim ki, mənim burada nə işim var? Əksər verilişlərdə şit-şit zarafatlar, maraqsız, yersiz söhbətlər olur. İlqar Mikayıloğlunun layihəsində qonaq oldum çox gülməli və maraqlı efir alınıb. Sonuncu dəfə nə vaxt televizoru açdığımı xatırlamıram. Çalışıram ciddi layihələrdə yer alım. Zarafat və şou xarakterli verilişlərə getmək olar, amma ildə bir dəfə”.

Əməkdar artist Fərqanə Qasımova bildirdi ki, efirlərə gedəndə seçim edir:

Bu yaxınlarda Polşada çıxışımız oldu. Fransada, Almaniyada konsertlərimiz olacaq. Hansı verilişdə müğamımıza, sənətimizə, bizə hörmət qoyulur, orada çıxırıq. Yoldan keçən verilişlərə, küçə və toy mahnılarının səsləndiyi efirlərə getmirik. Əlbətdəki biz də evdə oturmaq istəmərik, xalqımızla mütəmadi olaraq görüşüb, yaradıcılığımızdakı yenilikləri bölüşmək istəyirik, amma hələ ki, mümkün deyil”.

Sevda Bayramova / REDAKTOR.AZ