“Sən kişisən, ayağa durmalısan" - Roza Zərgərli

 19:01 27.05.2019     635

ARB televiziyasında yayımlanan “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Roza Zərgərli olub.

Redaktor.az xəbər verir ki, sənətçi ilk dəfə olaraq övladlığa götürdüyü uşaqlarından danışıb:  

“Heç vaxt bu açıqlamanı etməmişəm. Corcla bir filmdə çəkilirdik. Corc balaca idi. Corca bir az kobud dedim ki, sən çıx çölə, qadınlar əynini dəyişsin. Qayıdanda dedim ki, könlünü alım. Dedim ki, anan nə işlə məşğuldur? Dedi ki, Roza xanım, mənim anam yoxdur. Dedim ki, qəlbinə toxundumsa, bağışla məni. Atana Allah can sağlığı versin. Dedi ki, atam da yoxdur. Lap pis oldum. Dedim ki, danışdıqca batıram. Nənənlə tanış olmaq istəyirəm. Dedi ki, heç kimim yoxdur, mən uşaq evində böyümüşəm. Düşündüm ki, doğuşda ölən oğlum sağ qalsaydı, bu cür olardı. Çünki mənə çox oxşayır. Sonra uşaq evinə tez-tez gedib-gəlirdim. Onu da həftə sonları götürürdüm. Bir gün zəng elədilər ki, Corc pis vəziyyətdədir, heç kimə qulaq asmır. Anası onun yanına gəlmişdi. Ağır xəstə idi anası. Qucaqlamışdı, buraxmırdı. Dedim ki, Corc sən kişisən, sən ayağa durmalısan, kömək etməlisən. Anasını xəstəxanaya yerləşdirdik. Sonradan bildim ki, qardaşı da var. Anası ölməmişdən 26 saat qabaq mənə dedi ki, öləndən sonra uşaqlarımı sənə əmanət edirəm. Onun sözüylə yox, məcbur yox, öz istəyimlə götürdüm. Sadəcə, ilk övladlığımla anasına görə problemlər yaşamışdım. Anası olan övlad götürmək istəmirdim. Qızım Natavana da deyirəm ki, mən olmasam, atanız olmasa, dağ kimi 2 qardaşınız var”.

Sevda Bayramova / REDAKTOR.AZ