Məşhurlardan final oyunu ilə bağlı AÇIQLAMALAR

 13:46 30.05.2019     478

Ötən gün UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Redaktor.az xəbər ki, Bakıda keçiriliən final oyununda "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.

Tarixi oyunu stadiondan birbaşa izləyənlər arsında məşhurlar da olub.

Əməkdar artist Səlim Abbasov tarixi oyunu anbaan, diqqətlə izləyib. Maraqlı məqamları “İnstagram”ın “Story” bölməsinə paylaşıb:

“Maraqlı oyun izlədik. İstədiyim komanda qələbə qazandı. Əyləşdiyim zona elə “Çelsi”nin azarkeşlərinin yeri idi. Qələbə anı gözümün qabağında oldu. Qapıya yaxın oturmuşdum. O qolları izləmək, azarkeşlərin sevincini görmək möhtəşəm hisdir. Özümü İngiltərə çempionatındakı kimi hiss etdim. Dəhşətli dərəcədə futbol həvəskarıyam. “Qarabağ”ın UEFA-ya düşmək şansı var idi, amma təəssüf ki, alınmadı. İşlər görülməlidir, güclü oyunçular daxil olmalıdır. Milli oyunçularla bu cür nəticəni hazırda əldə etmək biraz çətindir. Amma, çox istərdim ki, gələcəkdə Azərbaycan finalda iştirak etsin, Avropa, dünya çempionatı keçirilsin. Bəziləri müharibə şəraitində olduğumuz üçün bura gəlməkdən çəkinirdi, amma nəticədə milyonlarla azarkeşlər bir araya toplandı”.

Əməkdar artist Bəhram Bağırzadə də tarixi oyunu Baki Olimpiya Stadionundan canlı olaraq izləyib:

“Hər şey yüksək səviyyədə keçdi. Vətəndaş kimi təşkilatçılara minnətdarlığımı bildirirəm. Səməd Vurğun bağından stadiona avtobusla hərəkət etdik. Böyük idman bayramı keçirtdik. Bu hadisə Azərbaycanın gələcəyi üçün bonusdur. Çünki Azərbaycan qalib gəldi, sübüt etdik ki, biz nələrə qadirik. İstərdim, digər Avropa klublarında Azərbaycan futbolçuları oynasın, biz isə azarkeşlik edib, Londonda iki yerli komanda finalda görüşsün”.

Aparıcı Sənan Şəfizadə Redaktor.az-a bildirdi ki, oyundan çox razı qalıb:

“204 telekanalda canlı yayım... Siz futbolun özəlliyinə, gücünə baxın. Futbol tam fərqli idman növüdür. Sadəcə idmanın şahı deyil, həm də sevgisidir. Azərbaycan UEFA ilə birgə düz 1 il bu oyunun yüksək səviyyədə təşkili üçün çalışırdı. Məncə, ölkəmiz buna nail oldu. “Çelsi” fanatlarının qələbəni səhərə kimi qeyd etməsi möhtəşəm görüntülər yaratdı. Onların sevincinə heç kim mane olmadı. Final özəl hislər yaratdı. Hər zaman ekrandan izlədiyimiz oyunu canlı-canlı stadiondan baxmaq gözəl hisdir. "Zadəganlar" layiqli qələbə qazandılar. O ki, qaldı yerli futbol komandalarımıza, təbii ki, çox istərdim, gələcəkdə final mərhələsində ölkəmizin futbolçuları çıxış etsin. Təbliğat aparılır, amma keyfiyyətin tam yüksək olması üçün məhz uşaq futbolu inkişaf etdirilməlidir".

Sevda Bayramova / REDAKTOR.AZ