Məşhur aktyor 50 manata seriala çəkilir - FOTOLAR

 18:21 31.05.2019     1394

Xarici aktyorların qazanclarına nəzər salanda görə bilərik ki, onlar çəkildiyi ekran işindən külli miqdarda gəlir əldə edirlər.

Məsələn, Amerikanın məşhur aktyoru Mark Wahlberg dünyanın ən bahalı aktyorlardan biri hesab olunur. Gəlirlərinin əsas hissəsi “Daddy’s home 2” və “Transformers: The last knight” filmlərindən 5,3 milyard vəsait toplayıb. Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ seriallardan ayda 260 000 YTL qazanır. Culiya Roberts isə 25 milyon dollar qazanır.

Maraqlıdır, görəsən, Azərbaycan aktyorları filmlərdən nə qədər qazanırlar?

Xalq artisi Naibə Allahverdiyeva Redaktor.az-a bildirdi ki, bizdə aktyorlar su qiymətinə çalışırlar:

“Məni bir-iki dəfə seriallara dəvət ediblər. Öncədən qonorar barədə danışmaq istəmirlər. Minbir bəhanə gətirirlər. Boş-boş şeylərdir. Ona görə də seriallarımız pis gündədir. Peşəkarlara az qonorar verirlər, bəzilərinə isə ümumiyyətlə, pul vermirlər. “Ala başına, kül başına” edirlər hər şeyi. Elə serial olub ki, çəkilmişəm zorla qonorarımı almışam. Pulumuzu da istəyəndə qaçırlar. Mən bölüm başına 150 manat istəyirəm. Heç onu da normal vermirlər. Zəhmətimizə dəymir. Nə vaxt normal qonorar verərlər, onda da çəkilərəm. Mən pulsuz, ya da az vəsaitə heç yerə çəkilməyəcəm. SSRİ-nin vaxtında o qədər pulsuz çəkilmişəm ki... Kifayətdir”.

Gənc aktyor İmran Qurbanov ARB televiziyasında yayımlanan serialların birində iki bölümə 1000 manat qonorar alıb. Sonuncu dəfə çəkildiyi filmə görə isə 2000 manat.

Aktyor Natiq Fərzəliyev Redaktor.az-a dedi ki, hazırda çəkildiyi “İmtahan” serialında qonaq qismində müəllim roluna görə, bölüm başına cəmi 50 manat qanorar alır:

“İlk başlayanda normal, Azərbaycan kinosunun səviyəsinə uyğun qiymətə çəkilirdim. Amma indi qeyri-peşəkar, kənar adamların artdığına görə bizi az-az dəvət edirlər. Qiymətlər aşağı düşüb. Müqaviləyə uyğun çəkilirik. Hər işdə fərqli olub. Aylıq və günlük maaş almışam. Ən çox ayda 3 000 manat qazanmışam. İndi isə Xəzər televiziyasında yayımlanan “İmtahan” serialında çəkilirəm. Günlük çəkilişə 50 manat qonorar verirlər”.

Sevda Bayramova / REDAKTOR.AZ