“Sevgili rolunu oynaya bilərəm... Gülay xanımın...” - Məşhurlardan MARAQLI AÇIQLAMALAR

 17:35 31.05.2019     574

Redaktor.az məşhurlar arasında maraqlı sorğu keçirib:

Təklif gələrsə, serialllarda, bədii filmlərdə hansı rolu canlandırmaq istəyərdiniz? 

Məşhur idmançı, məşqçi Kamil Zeynallı bildirdi ki, sevgili rolunu oynaya bilər:

“Bir çox seriallara və filmlərə çəkilmişəm. Amma vaxtımı çox apardığını nəzərə alaraq, artıq ekran əsərlərini dayandırmışam. Düşünmürdüm ki, 10 dəqiqəlik səhnəyə görə 2, 3 saatım getsin. Aktyor, bekar adam deyiləm ki? Pis roldan başqa istənilən rola girə bilərəm. Çünki millətimiz mənfi xarakteri canlandırana da mənfi baxır. Ata, qardaş, sevgili rolu oynaya bilərəm. Serialların birində sevgili rolu təklif olunub. Orada öpüşmə səhnəsi olduğuna görə imtina etmişdim. Gülay xanımın qısqanclığından əlavə, adıma, sanıma görə imtina etdim. Çünki qız atasıyam, hər şeyə diqqət yetirməliyəm. Həm komik, həm də dram janrındakı seriallarda, filmlərdə çəkilə bilərəm".

Müğənni Abdul Xalid iş adamını oynamaq istərdi:

“Xarakterimə uyğun olsa, ekran əsərlərinə çəkilə bilərəm. Romantikası az olan filmdə ciddi rol oynayardım. İş adamı rolunu oynamaq istərdim”.

Əməkdar artist Elza Seyidcahan dedi ki, polis rolunu ifa edə bilər:

“Aktrisa kimi filmlərdə çəkilmişəm. Amma rollarım ürəyimcə olmayıb. Xaricdə hər şey təbiidir, amma bizdə fimlər o qədər də yaxşı vəziyyətdə deyil. Sənətdə mənfi ya da müsbət rol yoxdur. Məsələn polis rolunu oynayardım”.

Aparıcı Cavid Gül gözlənilməz açıqlama verdi:

"“Kişi sözü” serialında rol almışam. Amma artıq yerli seriallarda, filmlərdə rol almaq istəmirəm. Janr baxımından qane etmir. Ağıllı obraz olmalıdır. Boş-boşuna gülən ya ağlayan yox. Günorta dərs deyib, axşam tələbələrini kəsib, doğrayan manyak müəllim rolunu oynamaq istərdim”.

Aparıcı Elgiz Əkbər cinayətkar rolunu canlandıra bilər:

"Cəmi bir dəfə, 15 il öncə mətbuatda jurnalist kimi çalışanda filmdə çəkildim, o da uğursuz alındı. Baxmayaraq ki, orada Siyavuş Aslan, Yaşar Nuri rol alıb. O ekran əsərindən sonra təkliflər çox gəlib, amma imtina etdim. Çünki ssenari, rol, qanorar xoşuma gəlmədi. Yay üçün təklif aldım, baxaq görək tamaşaçılar necə qarşılayacaq. Mənfi, müsbət fərqi yoxdur. Əsas odur ki, mən onu canlandıra bilim. Sonuncu dəfə 60 yaşlı qoca kişi rolunu verdilər mənə. Oğlumu oynayanın da 35 yaşı var. Ayıb deyil? Cavan oğlanam mən onu necə canlandırım? Cinayətkar rolunu elə gözəl oynayaram, canını da alaram”.

Sevda Bayramova / REDAKTOR.AZ