“İlhamə Quliyeva ilə dostluğuma görə peşmanam” - ŞOK AÇIQLAMALAR

 13:20 01.06.2019     1533

"Necə yaşayırsansa yaşa, yenə də peşman olacaqsan".

Redaktor.az tanınmışlar arasında maraqlı sorğu keçirib:

Hansı əməlinizə görə peşman olubsunuz?

Aparıcı Sərxan Kərəmoğlu saytımıza şok açıqlama verdi:

“Həyat çox mürəkkəb və qəribədir. İnsan əgər, yaşayırsa, demək ki, mütləq peşmançılıqlar olmalıdır. İstər şəxsi, istərsə də iş həyatında. İlhamə Quliyeva ilə dostluğuma, Mətanət Əsədovanın bilmədən qəlbinə dəydiyimə görə peşmanam”.

Müğənni Pərvin Lətifov da, peşman olub:

“İnsan yaşayırsa, peşman olmalıdır. Bəzən səhvlərinə, bəzən də doğrularına görə. Necə yaşayırsansa yaşa, yenə də nəticədə peşman olacaqsan. Ona görə də, belə şeylərə çox fikir vermək lazım deyil”.

Müğənni, meyxanaçı Samirə Yusifqızı vaxtilə anasının sözünə qulaq asmadığına görə peşmandır:

“İnsan həyatda elədiyi əməllərə, səhv addımlara görə peşman olur. Mən bu gün peşmançılıq, əziyyət çəkirəm. Bir dəfə də olsun düzgün addım atmamışam, anamı dinləməmişəm. O, tez ailə həyatı qurmağımın və sənətə gəlməyimin ələyhinə idi”.

Xanəndə Eldəniz Məmmədov Redaktor.az-a açıqlama verdi:

“İnsanlara yaxşılıq etmişəm, amma sonra peşman olmuşam. Pislik edirlər, amma qarşısındakını düşünmürlər. Ona görə də, elə insanların səhvlərini üzlərinə deyirəm”.

Gənc müğənni Ayaz Babayev peşmançılıq hissini yaşayan məşhurlardandır:

“Lazımsız, özünü həyatda tapa bilməyən insanlara verdiyim dəyərə, ayırdığım vaxta görə çox peşmanam”.

Müğənni Aynur Dadaşova sənəti ilə bağlı peşman olub:

“5, 6 il sənətimdən uzaqlaşdığıma görə peşmanam. Bəlkə də, xeyirlisi bu imiş, geri qayıtdım, amma yenə də sevilirəm”.

Müğənni Nadir Qafarzadə insanlara inandığı üçün çox peşmandır:

“Peşman olmayan insan var? Ömür boyu bir az xoş üz göstərən kimi inanmışam. Düşünmüşəm, yəqin o da mənim kimidir. Amma təəssüf ki, elə deyilmiş. Son zamanlarda onlara qarşı inamım itib, onların namərdliyindən, arxadan zərbə almaqdan qorxuram. Biz düşməni qıraqda axtarmayaq, çünki özümüz-özümüzə düşmənik. Dostum yoxdur. Mənim dostlarım ancaq iki övladım və yoldaşımdır”.

Aparıcı Humay Muxtarova gözlənilməz açıqlama səsləndirdi:

“Qızımdan sonra övlad dünyaya gətirmədiyim üçün çox peşmanam”.

Sevda Bayramova / REDAKTOR.AZ