"Televiziya üçün darıxmışam" - Efirlərdən kənar qalan MƏŞHURLAR

 20:17 10.06.2019     1264

Son zamanlarda müəyyən məşhur simalar gözə dəymir. Bu siyahıda Xalq artistlərindən tutmuş, sadə müğənnilər də var.

Bəs buna səbəb nədir?

Redaktor.az ənənəsinə sadiq qalaraq efirlərdə görünməyən, gündəmdən kənar qalan məşhurları araşdırıb:

Əməkdar artist Səbinə İlyasova bildirdi ki, həvəsdən düşüb:

“İstirahətə hazırlaşıram. Dietadayam, arıqlayıram. Sentyabrdan efirlərə yeni görkəmimlə çıxacam. Televiziya üçün darıxmışam. Son illərdə həvəsdən düşmüşdüm. Şou aləmində baş verən hadisələr, efirlər qanə etmirdi. Verilişlər adiləşib. Aparıcılar yersiz suallar verir. Rəşid Behbudov məktəbi görən müğənni kimi bu xarakterimə uyğun gəlmirdi. Ya sənətlə birdəfəlik sağolaşmalıydım, ya da bunlara dözməli idim". 

Yenicə Xalq artisti adını almış İlqar Muradov Redaktor.az-a açıqlama verdi:

“Sabah Hollandiyaya uçuram. Sentyabra qədər istirahət edəcəm. Sonra isə möhtəşəm konsert proqramı ilə sevənlərimin qarşısına çıxacam. İmkan daxilində televiziyalara çıxıram. Amma son zamanlarda başım işə çox qarışıb. Ona görə az-az görünürəm. Seçim edəndə isə ilk növbədə, əlbətdəki dövlət televiziyasına üstünlük verirəm".

Əməkdar artist Zöhrə Abdullayeva bir müddət öncə övladını itirdiyindən sənətdən uzaq gəzir:

“Vəziyyətim pisdir. Sənətə, efirlərə qayıtmaq barədə heç fikirləşmirəm”.

Müğənni Yaqut Babayeva da efirlərdən kənar qalan sənətçilərin siyahısındadır:

“Yaradıcılığımda yeniliyim yoxdur. Efirlərdən uzağam. Ona görə də necə deyərlər “Ağlamayan uşağa yemək verməzlər”. Dəvətlər azlıq təşkil edir”.

Müğənni Təranə Vəlizadə Redaktor.az-a açıqlama verdi:

“Estafeti vermişik cavanlara. Bizə yəqin ehtiyac yoxdur. Dəvət gəlir, amma hər verilişə çıxmıram. Bayağı, dava ilə bitən layihələr çoxdur. Efirlər bazara dönüb. İntellektual, düşündürücü verilişlərə çıxmağa dəyər".

Sevda Bayramova / REDAKTOR.AZ