“Tacirin tələbəsi olmaq istəməzdim” - Sənətçilərdən SƏRT AÇIQLAMA

 16:05 11.06.2019     1048

Müğənni Tacir Şahmalıoğlunun Xəzər televiziyasında yayımlanan "Ay Zaur" verilişində “Azərbaycanda müğənnilərin 80 %-nin müəllimi mən olmuşam, mənim yolumla gedirlər” fikri müzakirələrə səbəb olub. 

Redaktor.az Tacirin həmin açıqlaması ilə bağlı məşhurlar arasında sorğu keçirib: 

Müğənni Vaqif Şıxəliyev bildirdi ki, müəllimləri sənətkarlar olub:

“Bülbül adına orta ixtisas məktəbində Əlibaba Məmmədovdan, konservatoriyada Arif Babayevdən, vokalda isə Teymur Əmrahdan dərs almışam. Tacirin tələbəsi olmaq istəməzdim, çünki özüm müəlliməm. Onun yolu ilə oxumuram. Amma müəyyən ifalarından bəhrələnmişəm, səsindən kövrəlmişəm. Həmişə öz yolumla seçilmək istəmişəm. Az da olsa, tərzimdə sevilim, bəyənilim bəsdir. Yaxşı müğənniləri dinləyib, ondan nəsə götürmək lazımdır. Tacir Azərbaycan milli folklorunun sevilən və böyük ifaçısıdır. Toya gedən bir çox müğənnilər ondan nəsə öyrənib, tələbələri olublar”.

Müğənni Arzu Mələk isə hesab edir ki, tələbə siyahısında ola bilməz:

“Təbii haldır, Tacir sözünü demiş, təkrarsız sənətkardır. Tələbələrinin neçə faiz olduğunu bilmirəm, amma əksəriyyət onun kimi olmaq istəyir, ancaq alınmır. Burada söhbət ancaq gənclərdən gedir. Mən o siyahıda ola bilmərəm, öyrənən vaxtım deyil”.

Xalq artisti Səməd Səmədov Redaktor.az-a açıqlama verdi:

“O söz mənə aid deyil. Çünki fərqli janrın nümayəndəsiyik. 70-80% müğənnilər onun davamçısıdır. Tacir gözəl müğam ifaçısıdır”.

Müğənni Şəbnəm Tovuzlu Tacir Şahmalıoğlunun tələbəsi olduğunu etiraf etdi:

“Sənətə təzə gələndə Tacir müəllim mənə çox dəstək olub. Düz deyir, Azərbaycanda son 8 ildə gənc kişi müğənniləri onun yolu ilə gedirlər".

Müğənni Əlikram Bayramov hesab edir ki, faiz etibarı ilə Tacir Şahmalıoğlunun tələbələri, deyilən rəqəmdən daha azdır:

“80 % olmasa da, 40-50% gənc nəslin müğənniləri onun yolu ilə gedir. Tacirdən bir az sonra sənətə gəlmişəm. Müğam müəllimim Ağaxan Abdullayev olub”.

Müğənni Kərim Abbasov Nisə Qasımova məktəbi keçib:

“Nisə Qasımovanın tələbəsiyəm. 80 % deməzdim, 50% ola bilər. Özünəməxsus dəsti-xətti olan, sevilən ifaçıdır. 90-ci illərdə hər kəs özünü ona oxşadır, yolu ilə gedirdi. Hər halda əgər, onun tələbəsi olmaq istəsəydim, gedərdim yanına”.

Sevda Bayramova / REDAKTOR.AZ