“Çox istərdim, Zeynəb Xanlarova ilə duet oxuyum” - Əməkdar artistlərdən AÇIQLAMALAR

 18:06 12.06.2019     2171

Redaktor.az məşhurlar arasında maraqlı sorğu keçirib: 

Görəsən, əməkdar artistlərimiz kiminlə duet oxumağı arzu edir?

Əməkdar artist Aybəniz Haşımova daha çox gənclərlə duet oxumağı istəyir:

“Duet oxumağı o qədər də sevmirəm. Hansısa mənadan gözəl olsa da, solo ifa daha yaxşıdır. Sənətkar fərdi şəkildə fəaliyyət göstərib, məşhurlaşmalıdır. Amma elə mahnılar var ki, məhz duet oxunmalıdır. İki səs üzrə yazılan musiqilər duet şəklində oxunsa, daha uğurlu olar. 40 il öncə Oqtay Kazımov mənim üçün mahnı yazıb. Əvvəl başqa oğlanla nəzərdə tutulmuşdu duetimiz, amma alınmadı. Ailə həyatı qurdum, başım qarışdı. Uzun illər keçəndən sonra o mahnını Rövşən Əzizlə ifa etdim. “Biri sənsən, biri mən”i "Xalq Ulduzu" layihəmizin yetirməsi ilə, “Məni dinləmədin”i isə Vüqar Ağasıyevlə ifa etdik, uğurlu alındı. Ətrafımda istedadlı müğənnilərdən Adil Baxış, Nicat Mənsimov ilə duet oxumaq istərdim. Səsimiz uyğun olsa, niyə də yox? Qızım Aynişan bir müddət musiqidən uzaqlaşdı, amma istəsə, duet oxuyarıq. Onunla ruhumuz, hislərimiz birdir”.

Əməkdar artist Abbas Bağırov Redaktor.az-a açıqlamasında bildirdi ki, dahi sənətkar Zeynəb Xanlarova ilə duet oxumaq istəyir:

“Planda Tünzalə Ağayeva ilə iki duetimiz var. Amma duet oxumağın həvəskarı deyiləm. Çox istərdim, Zeynəb Xanlarova ilə duet oxuyum. Bu yaşıma qədər onu canlı görməmişəm. Arzum, onunla canlı-canlı ünsiyyət qurub, duet oxumaqdır. Bəylərdən heç kimlə istəmirəm”.

Əməkdar artist Almaz Orucova yenicə Xalq artisti adını almış İlqar Muradov ilə duet oxumaq arzusundadır:

“Zakir Əliyev, Sahib İbrahimov ilə duet oxumuşam. Bu yaxınlarda “Qismət” qrupundan Tural ilə Novruz Aslanova aid gözəl musiqi ifa etdik. İstərdim, duetlərimi çoxaldım, amma səs baxımından hər kəslə uyğun gəlmir. Arzum, İlqar Muradovla duet oxumaqdır”.

Sevda Bayramova / REDAKTOR.AZ