"Ağ köynək aldım, onu da yandırdılar" - Məşhurların "SON ZƏNG" XATİRƏLƏRİ

 17:57 14.06.2019     1775

“Son zəng”lə bağlı Redaktor.az maraqlı sorğu keçirib.

Məşhurlar bu günlə bağlı keçmiş, yaddaqalan xatirələrini bölüşüblər:

Müğənni Abdul Xalid "Son zəng"inə getməyib:

“2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Sinifdə 18 qız, 2 oğlan olmuşuq. Heç birimiz də son zəngə qatılmadıq. Dedilər, əl-ələ çıxmalısınız sinifdən, biz də razı olmadıq. Hətta məzun vinetkam belə yoxdur. Sinif yoldaşlarımı axtarsam, heç birini tapa bilmərəm. Məktəb illərimdən ancaq Emil Bədəlov yadigar qalıb”.

Aparıcı Arzu Həmzəyeva son zəngində maraqlı hadisə yaşayıb:

“Məzun günümdə ilk dəfə saçımın görünüşünə dəyişiklik etdim. Axşam da məni xəstəxanaya yerləşdirdilər”.

Aktyor Səbuhi Bayramov 1998-ci ildə Gəncə şəhərində yerləşən 7 saylı orta məktəbi bitirib:

""Son zəng"imdə maraqlı hadisə yaşanıb. Tədbir üçün ağ köynək aldım, onu da səhər yandırdılar. Məcbur olub, qonşunun oğlundan ağ köynək aldım, amma bilmirdim ki, onu arzular ilə bəzəyəcəklər. Yazığın köynəyini yazaraq, pis vəziyyətə qoydular. Evə qayıdanda dedim, sənə təzə, gözəl köynək alacam. Əsəbiləşdi. Sən demə, bunun olan elə bir ağ köynəyi var imiş. Özü də axşam toya hazırlaşıb, getməli idi. Sonda valideynlərimdən xahiş etdim, ona təzə köynək aldıq".

Aparıcı Humay Muxtarovanın "Son zəng"ində gözlənilməz hadisə yaşanıb:

"Köynəyim cırıldı, çarəsizlikdən başqasının köynəyini geyindim. Yazıq köynəksiz qalmışdı ortada"

Gənc müğənni Ayaz Babayev sinifin ən balaca şagirdi olub:

"2010-ci ildə 225 nömrəli məktəbi 15 yaşımda bitirmişəm. Valideynlərim qardaşımla eyni sinifə getməyim üçün məni 4 yaşımda məktəbə yolladılar. "Son zəng"də təkcə mən ağlayırdım. Elə bilirdim, "Son zəng"dən sonra həyat bitəcək. Anlamırdım ki, əslində həyat mənim üçün indi başlayır. Bu gün məzunlar üçün doğma məktəbimdə çıxış etdim. Bir anlıq o illərə qayıtdım".

Aparıcı Kamran Quliyev köynəyi ilə bağlı maraqlı məqamlar yaşayıb:

""Son zəng"də ən qeyri-adi köynək məndə idi. O vaxt bir qızı istəyirdim, amma inanmırdım ki, məni bəyənər. Tədbirdə köynəyimə arzularını yazanda tanış olduq".

Müğənni Elvin Abdullayev "Son zəng"i ilə bağlı açıqlama verib:

"Xətai rayonunda yerləşən Ədalət Abbasov adına 257 saylı orta məktəbin "qaqaşı" idi. 2005-ci ildə son zəngim olub. Həmin gün yerdən keçmiş pulla 10 şirvan tapıb, xərcləmədən evə gətirdim. O pul hələ də evimdədir".

Aktyor Fərda Xudaverdiyev məktəb illərində yaşanan maraqlı hadisəni bizimlə bölüşdü:

"Müəllimlərimin heç biri əlimi sıxıb, uğur arzu etmədi. Hər kəs ilə vidalaşanda xoş günlər, uğurlar arzu etdilər, mənə isə "Şükür, məktəbin canı səndən qutardı" dedilər".

Sevda Bayramova / REDAKTOR.AZ