"Qonorarımın yarısını gizlincə özünə götürürdü..." - GÖZLƏNİLMƏZ açıqlamalar

 15:36 18.06.2019     794

Müğənni Nazim Pişyarinin açıqlaması şou-biznesdə marağa səbəb olub. Sənətçi bildirib ki, bəzi toylara dəvət alsa da, çağırış ünvana gəlib, çıxmayıb:

“Təzə-təzə bir iş adamının məclislərinə ancaq məni dəvət edirdilər. Daha sonra eşitdim ki, məni çağırıblar, amma həmin dəvətlə bağlı məlumat mənə heç deyilməyib”. 

Görəsən, şou-əhlinin başqa hansı nümayəndəsi belə problemlə üzləşib?

Məsələ ilə bağlı müğənni Aslan Hüseynov Redaktor.az-a danışdı:

“Bunu edən adam ətrafından bixəbərdir. Məclislərdə monopoliya yaradılıb. Hər kəs toya, tədbirlərə dostlarını çağırır. Məsələn, bu yaxınlarda Gəncədə toya məni çağırmaq istəyiblər, amma kimsə yalandan şayiə buraxıb ki, güya mən çoxdan Qırğızıstana köçmüşəm".

Müğənni Aynur Dadaşova Redaktor.az-a açıqladı ki, dəfələrlə toylarını əlindən alıblar:

“Bunu edənlər deyirlər ki, səsim yoxdur. Utanmırlar, güya onların sənəti, səsi var? Dünənin uşaqlarıdırlar. Kim haqq verir, mənim barəmdə danışsınlar? Hünərləri çatıb, üzümə heç nə demirlər. Toya məni çağırmaq istəyəndə deyirlər, neyləyirsən Aynuru? Tədbirə gedəndə elə baxırlar ki, az qala desinlər “Sən nə üçün gəlmisən bura?” Sənətimiz biznesə çevrilib. Təşkilatçılar ancaq qazanc gətirən müğənniləri toya aparırlar. Məclis sahibləri ilə aramızı pozurlar. Bir sözlə, ciblərini düşünürlər”.

Gənc müğənni Ayaz Babayev restoranların birində problem yaşayıb:

"Şou-proqramların birində bir müğənni hər çıxışıma görə qonorarımın yarısını gizlincə özünə götürürdü. Bunu biləndən sonra mübahisə etdik. Gedib, restoran sahibinə məni pisləyib. Ondan sonra məni həmin restorana dəvət etmirlər".

Müğənni Türkan Heydərova məsələylə bağlı Redaktor.az-a açıqlama verdi:

"Bir dəfə məşhur bəy müğənni çalışdığım reklam şirkətinə məni pislədi. Dediyi sözlərə görə, şirkət digər tanınmışla çalışmağa başladı".

Sevda Bayramova / REDAKTOR.AZ