“Kül sənin başına, Röyaya MTV lazımdır?” - ŞOK AÇIQLAMALAR

 15:33 26.06.2019     1454

Ötən gün əməkdar artist Röya Ayxanın “MTV Azərbaycan”da qara siyahıya düşməsi səs-küyə səbəb olub.

Buna səbəb isə vaxtilə Ayxanın Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində dediyi ifadə olub. Sənətçi “Onsuz da bütün mahnılar “Youtube”da izlənilir. Klip saatı varsa, nümayiş etdirsinlər. Bir kanal lazımdır ki, orada kliplər yayımlansın. Amma ən azından Xəzər kimi səviyyəli bir kanal olsun” replikasını atıb. Hətta söz-söhbətlər gəzirdi ki, əməkdar artist ilə yanaşı müğənnilər Niyam Salami və Kərim Abbasovun “MTV Azərbaycanda” nəinki klipləri, adları belə gedə bilməz. Onların adları qara siyahıya salınıb. 

Məsələylə bağlı kanalın prezidenti Rəhim Rəhimli ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab vermədi. Onun əvəzinə kanalın baş prodüseri Həmzə Məmmədli açıqlama verdi:

“Televiziyamızda heç kim qadağada deyil, Röya Ayxan daxil. Onun klipləri Top 10-da gedir. Niyam Salami ilə Rəhim Rəhimli arasında vaxtilə qalmaqal olub, amma indi məsələ həll olunub, barışıblar. Hətta sənətçi dəfələrlə yeniliklərini bizim kanalda nümayiş etdirib, “İnstagram”da reklam edib".

Redaktor.az-a danışan müğənni Niyam Salami bildirdi ki, Rəhim Rəhimli münasibət ilə sənəti bir-birinə qarışdırır və sözügedən barışıq olmayıb:

“Rəhimi yaxından tanıyan bilər ki, o, kimdir. Mən bir sifətli insan olmuşam. Onunla danışmadığıma görə, kliplərim orada getmir. Efirdə plan qurdular, guya barışdıq, amma elə şey olmayıb. Verilişdə niyə incidiyimi söylədim. Avtomobil qəzasına düşdüm, yanımdan keçmisən, heç nə etmədən. Belə dost olar? Kərim kimi aqressiya ilə illərlə məni söyən adam gəldi, barışdı mənimlə. Niyə, nə oldu? Niyam pisdirsə, onunla niyə barışırsınız? Röyanı qadağaya qoyur. Kül sənin başına. Röyaya MTV lazımdır? Kərimin, mənim kliplərim getmir. Pis olmuram. Hər yerdə münasibət ilə sənəti bir-birinə qarışdırmayın, deyirdi, buna görə dava edirdi, indi isə özü bu addımı atır. Yaxşı bəstəkar, televiziya işçisi, şou-mensən, amma belə işlərin var. Düzgün ol, mənimlə düşmənçilik edib, çox şeylərdə qabağımı kəsirsən. Sən kimsən ki? Azərbaycan müğənnisiyəm, erməni deyiləm ki, məni qadağaya qoysun. Bu hərəkətini heç vaxt bağışlamayacam".

Məlumata görə, “MTV Azərbaycan”ın qara siyahısında olan digər müğənni isə Kərim Abbasovdur:

“Vecimə deyil. Sənətçini gətirib, kanalın prezidenti qoyublar. Sənətçi olasan, şəxsi düşüncələrinə görə həmkarlarınla bu qədər prinsipə girəsən, qadağalar qoyasan. Sənətə yeni gəlməmişəm, 20 ildir, buradayam. Alan-alıb, satan-satıb. Deyirlər, Kərim pul versin, sonra klipini verərik. Niyə? Yeri gələndə “İnstagram” səhifəmə onun kanalından çox baxırlar. Kanalından ayrılan işçiləri mənə yazırlar ki, Kərim adının üstünə yekə hərflərlə “Zapret” yazıblar. Boş verdim. Bəyəm xoruz yox idi, səhər açılmırdı? Rəhimdir da, qoy nə istəyir, etsin. Onun yeri bu gün, sabahlıqdır. Sabah  "kreslodan” düşəndə nə edəcəksən? Yeni klipimi dostum vasitəsi ilə oraya göndərmək istədik, dedilər, Kərim pul versin, sonra yayımlayarıq. Onun efiri başına dəysin. Röyaya, Aygünə yamaq olan insan, indi kiməsə qadağa qoyur. Böyük adam olub, baxıram gülməyim gəlir. Bəs demirdin, kanalım olsa, ancaq Azərbaycan müğənnilərinin işlərini göstərəcəm? İndi nə oldu? Çox müğənnilər oraya pul verib, efirə çıxırlar. Mənim belə fikrim yoxdur, çünki  sənətim var. İndiyə qədər heç bir televiziya məndən pul istəməyib. Qadağa qoyur? Qoy etsin".

Sevda Bayramova / REDAKTOR.AZ