"Əli qələm tuta bilməyən jurnalistlər var" - Şou əhli JURNALİSTLƏRDƏN DANIŞDI

 17:52 22.07.2019     982

Bu gün Azərbaycan Milli Mətbuatının yaradılmasından 144 il ötür.

Şou nümayəndələri qələm sahiblərini Redaktor.az saytı vasitəsilə təbrik ediblər.

Maraqlıdır, görəsən onlar şou sahəsindən yazan ən çox hansı jurnalisti bəyənirlər?

Müğənni Aynur Dadaşova Redaktor.az-a açıqlama verib:

“Jurnalistlərdən biri yaxın günlərdə mənim haqqımda yalan məlumat yazdı. Zəng edib, ondan niyə belə etdiyini soruşdum. Dedi ki, gündəmdə olduğum üçün yazır. Belə olmaz. Uşaqlıqdan bu sənətdə olduğum üçün media nümayəndələrinə hörmət etmişəm. Evimə müğənni gəlməyibsə, jurnalist qonağım olub. Ən çox sizin saytınızı və Rəqsanə adlı jurnalistin işini bəyənirəm. Siz zəng edib, hər şeyi aydınlaşdırıb yazırsınız. Hər saytı izləmirəm, çünki yalanlar çoxdur. Buradan peşəkar, reallığı əks etdirən yazıları dərc edən juranlistləri təbrik edirəm. Qələmləri daim iti olsun”.

Əməkdar artist Abbas Bağırov saytımıza danışıb:

“Jurnalistika məsuliyyətli peşədir. Xəbər ictimaiyyətə doğru şəkildə çatdırılmalıdır. Maraq üçün xəbər yazan gənclər çoxdur. Bunlar ucuz və yüngül məlumatlardır. Şişirdilmiş formada yazmaq reytinq gətirir. Xəbəri yazan özünü yox oxucunu düşünməlidir. Onlar peşəkarları kölgədə qoyur. Elə iş görən insanlar var ki, onlar haqqında nədənsə mətbuat ışıqlandırmır. Bir sözlə mətbuat sahəsində çalışan, doğruları göstərən peşəkarları təbrik edirəm”.

Aparıcı Humay Muxtarova mətbuat işçilərini təbrik edib:

“Əvvəlkilərlə indiki jurnalistlər arasında dağlar qədər fərq var. İndi jurnalist olmaq çox asandır. Bir dənə “İnstagram” səhifəsi açıb, ağzına gələn insanları reklam edirlər vəssalam. Köhnələrdən Türkan Məmmədli, Ülviyyə Alovlu, Tahirə Məmmədqızı, Şahin Cavadsoyu bəyənirəm. Cavanlardan isə sizi bəyənirəm. Gözəl mövzulara toxunursunuz”.

Aktyor Fərda Xudaverdiyev sənətçilərin şəxsi həyatı ilə bağlı yox, yaradıcılıqları barədə yazan qələm sahiblərini bəyənir:

“Şəxsi həyatı qarışdıran, büdrəməsini gözləyən, uğurları kölgədə qoyan, bu barədə heç nə yazmayan məncə jurnalist sayılmır. Onlar sadəcə reytinq yığmaq üçün xəbər yazırlar. Vicdanla, qeyrətlə, tərəfsiz, qərəzsiz qələm tutan jurnalistləri təbrik edirəm, onlara halal olsun. Çox azdılar. Reytinqə qurban getmək olmaz”.

Əməkdar artist Dilarə Əliyeva media nümayəndələri barəsində Redaktor.az-a açıqlama verib:

“Hər sahədə olduğu kimi burada da, güclü, zəif, heç qələm tutmayan jurnalistlər var. Mətbautda bəzi hadisələri olduğundan çox qabardırlar. Bu da çox normal bir şeydir, çünki zəmanə bunu tələb edir. Bəzi jurnalistlər gündəmi yazısıyla yaradır. Bunu mətbuatın uğurlu addımı kimi qiymətləndirirəm. Yaradıcı qüvvə olandan sonra jurnalist öz içində o bayramı yarada bilir”.

Aparıcı Kamran Yaradanquliyev “Show news” verilişinin aparıcısı İsa Şükürovu, “Lent.az” saytının əməkdaşı Yalçın Uğuru və Redaktor.az saytının şou jurnalisti Sevda Bayramovanı bəyənir.

Əməkdar artist Ədalət Şükürov Tahirə Məmmədli, Vüqar Vüqarlı, Seymur Zəkəryəyev, Aynur Hacıyeva və “Redaktor.az” saytının şou jurnalistinin fəaliyyətini bəyənir.

Müğənni Elvin Abdullayev saytımıza danışıb:

““Axşam.az” saytının redaktoru Zəhra Əhmədovanı, “Redaktor.az” saytından sizi, Türkan Məmmədlini, “Lent.az”dan Yalçın Uğuru və “Axşam.az”dan Pərvizin işləri xoşuma gəlir. Bütün mətbuat işçilərini təbrik edirəm. Arzu edirəm ki, qələmləri iti, əqidələri güclü, şəffaf olsun və hər şeyi olduğu kimi yazsınlar. Son bir neçə ildir mətbuat inkişaf edir, amma əvvəllər jurnalistlər müğənnilərlə qalmaqal edirdilər”.

Sevda Bayramova / REDAKTOR.AZ