“Jara” festivalı bizimkilər üçün MASTER-KLASSDIR

 16:24 25.07.2019     1184

Bu gündən etibarən Xalq artisti Emin Ağalarovun ənənəvi olaraq təşkil etdiyi “Jara” festivalı start götürür.

3 gün ərzində paytaxtımızda əsl şou nümayiş olunacaq. Rusiya şou-biznesinin ən parlaq simaları Xəzər Dənizin sahilində bir-birindən maraqlı ifaları ilə əsl bayram ab-havası yaradacaqlar.

Maraqlıdır, görəsən “Jara” festivalının hansı müsbət cəhtləri var?

Xalq artisti Mübariz Tağıyev Redaktor.az-a açıqlama verib:

“Hər festival ölkəmiz üçün əhəmiyyətlidir. Estradamızda ləngimələr var. Bu cür layihələr vasitəsi ilə musiqiçilərimizdə inkişaf olacaq. Müasir estrada dayanmır. Onun qolları müxtəlifdir. Ölkələri, estrada həvəskarlarını bir araya yığmaq müsbət məqamdır. Musiqi ilə yaşamaq lazımdır. Auditoriya dolursa, tamaşaçılar bəyənirsə, deməli bu cür festivalların keçirilməsi lazımdır”.

“SOY Production”-un rəhbəri Oqtay Əliyev sözügedən festivalı Azərbaycan estradası üçün yüksək qiymətləndirib:

“Belə kütləvi, beynəlxalq tədbirlər istənilən ölkə üçün vacib məsələdir. Bizim bəzi müğənnilərimiz də, orada iştirak edirlər. Bu, onlar üçün bir növ həyatının şansıdır. İfaçılarımız səhərdən axşama qədər könüllü şəkildə orada olmalıdırlar. Məşq prosesslərində iştirak etməlidirlər. Festivala gələnlər SSRİ-in ən parlaq ulduzlarıdır. Hətta texniki işlərlə məşğul olanlar da, kənardan prosesi müşahidə etməlidirlər. “Jara” festivalı bizimkilər üçün master-klassdır. Keçən il iki dəfə “Jara” festivalını Rusiyanın birinci kanalından izləmişəm. Ermənistan daxil olmaqla bəzi ölkələr qısqanclıq nümayiş etdirirdilər. Ölkəmiz üçün əvəzsiz məqamdır. Orada ən xırda süjetin efirə getməsi belə ölkəmiz üçün vacibdir. Məsələn, bu il Filipp Kirkorov Aygün Kazımova ilə duet ifa edəcək. Proqram çox zəngindir. Hətta İlqar Muradovun da çıxışı gözlənilir".

Sevda Bayramova / REDAKTOR.AZ