Afət Fərmanqızı keçmiş və indiki ərindən danışdı: "Heç kimin ərini əlindən almadım" / MÜSAHİBƏ

 16:41 30.07.2019     1763

Yenicə ailə həyatı quran müğənni Afət Fərmanqızı Redaktor.az-a müsahibə verib.

O, oğlundan, keçmiş və hazırki həyat yoldaşından danışıb:

- Əli Mirəliyev açıqlamalarının birində “Həci”lərlə ailə həyatı quran müğənniləri tənqid edib. O bildirib ki, ifaçılar ancaq maddiyyata görə evlənirlər. Buna münasibətiniz necədir?

- Həyat yoldaşım "Həci"dir. Əli Mirəliyevin söylədiyi fikirlər mənə aid deyil, çünki o, məni çox istəyir. Biz xristian ölkəsində yaşamırıq ki, "həci" ilə ailə həyatı qurmaq qəribə hal kimi qiymətləndirilsin. Hacıdırsa o demək deyil ki, imkanlıdır. Heç nəyə ehtiyacım yoxdur. Əgər maddiyyata önəm versəydim, "həci"dən qat-qat pullu insanlar mənimlə evlənmək istəyirdi, onları seçərdim. Öz imkanıma nə gəlib? "Həci"nin pulunu yox, ürəyini sevirəm.

- Cəmiyyət arasında belə bir fikir formalaşıb. Müğənnilər ailə dağıdırlar. Bununla razısınız?

Müğənni ailə dağıda bilməz. O sözü deyən gəlsin, mənim ailəmi dağıtsın. Görüm, alınır? Biz tanınmış olduğumuz üçün gözə batırıq. Həyat yoldaşım sabah məndən boşanıb, digərinə getsə, mən o zaman əlimə bayraq alıb, qışqırım ki, ailəmi filankəs dağıdıb? Gedən, getməyəndən sonra mümkün deyil. Onu deyənlər acizdilər. Heç kim, heç nədən sığortalanmayıb. Oğlumun atası rəsmi boşanmadan öncə evləndi. Müğənnilər digər sahələrə nisbətən yaxşı dolanır bu da insanlarda qıcıq yaradır. Deyingənlərin cibinə 100 manat qoysam, səhərdən axşama qədər məni tərifləyər.

- Dini nikahınız olub, bəs rəsmi nə zaman olacaq?

- Həyat yoldaşım avqust ayında Həcc ziyarətinə gedir. Sənədlərimiz hazırlansın, yəgin ki, payızda rəsmi nikaha girəcəyik. Rəsmiyyət olandan sonra da, görünməyəcək. Əgər o kişi ictimaiyyət arasında tanınan deyilsə, onun sosial şəbəkədə nə işi var? Özünü niyə reklam etməlidir? Gələcəkdə kimsə təsadüfən çəksə, heçnə edə bilmərəm, amma heç vaxt onu reklam etmərəm. Camaat ər görməyib?! O, adam necə rahat dostlarınla görüşsün, restoranda oturub yemək yesin, qəlyan çəksin? Alınmır axı. 

- Toy olacaq?

- Yox. Bəlkə öz aramızda yığıncaq oldu. 

- Oğlunuzun ailə həyatı qurmağınıza münasibəti necə oldu?

- Övladım mənə dedi:

"Atam evləndi, sən tək qalma. Məni bu yaşa qədər gətirib, boya-başa çatdırmısan. Sən də xoşbəxt ol". 

Heç kimin ərini əlindən almadım. Birinci ailəmdə yarımadım. İkincisinin necə olacağını bilmirəm. Evlənməmişəm ki, boşanım. Hara qədər gedəcəksə, gedəcək. 

Sevda Bayramova / REDAKTOR.AZ