"Evdə heyvan saxlamağın uşaqlara mənfi təsiri ola bilməz" - Heyvansevər Nailə Əliyeva ilə MÜSAHİBƏ / FOTOLAR

 16:08 23.09.2019     2102

Redaktor.az Lider TV-nin prezidenti Ədalət Əliyevin həyat yoldaşı, heyvansevər Nailə Əliyevanın müsahibəsini təqdim edir:

- Nailə xanım, uşaqlıqdan evdə heyvan saxlamısınız?

- Bəli. Hətta onun maraqlı tarixçəsi də var. Deməli, biz balaca olanda anamız Rusiyaya getməli oldu. Xalam orada yaşayır və bir az nasaz olduğu üçün anam 2 ay onun yanında qaldı. Biz onun üçün çox darıxmışdıq, bizə nənəmiz baxırdı. Bizi sevindirmək üçün gəlməyinə 2-3 gün qalmış dedi ki, ağlamasaq, sürprizi var. Səbirsizliklə gözləyirdik və onu qarşılamaq üçün aeroporta getdik. Anamın yanına çatanda bizi qucaqlamaq istəyən zaman biz onun əlindən iti alıb, qaçdıq maşınımıza (gülür).

- Bilirəm ki, heyvansevərlər bütün növ heyvanları sevirlər, sizin də belə olduğunuza əminəm, amma fikir verirəm ki, siz itlərə daha çox diqqət yetirirsiniz?

- Bəli mən bütün növ heyvanları çox sevirəm. Onları demək olar ki, ayırmıram. Ümumiyyətlə itlər insanlar, bəzi qanunsuz strukturlar tərəfindən şiddətə məruz qalırlar. Və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın yaratdığı “İdea” qayğı mərkəzində küçədəki heyvanların qorunması üçün böyük işlər görülür.

Bizə qalan isə onları qorumaqdır. Əslində küçədə heyvanlar ac, susuz olduğuna görə aqressiv olur. İnsanlar tərəfindən bir az mərhəmət görsələr, sizə qarşı heç vaxt hürməz, dişləməzlər.

- Hazırda da şəxsi heyvanlarınız var?

- Bəli, evdə bir neçə itim və pişim var. Təbii ki onlar yola getmirlər (gülür). Amma içlərində bir itim var ki, onu ilk biz sahiblənmişik, o, hamısına böyüklük edir və vəziyyəti bir az balanslaşdırır (gülür).

- Bəzi insanlar uşaqlı evdə heyvan saxlanılmasının uşağa mənfi təsiri olduğunu deyir, bəziləri isə əksinə, bəs sizin bu mövzuda fikirləriniz necədir?

- Qətiyyən düşünmürəm ki, evdə heyvan saxlamağın uşaqlara pis təsiri ola bilər, mən hər zaman əksinə düşünmüşəm. Mənim uşaqlarım hətta doğum evindən gələn kimi heyvanlarla münasibətdə olublar.

- Necə oldu ki, heyvanlar üçün belə salon açmağa qərar verdiniz?

- Yoldaşım mənə illər öncə bir it hədiyyə etmişdi və bir gün biz onun tüklərini düzəltdirmək üçün salon kimi (amma tam salon olmayan ) bir yerə apardıq. Orada itə lazımınca diqqət göstərməmişdilər və onun tükləri əksinə çox pis olmuşdu. Mən isə görürdüm ki, xaricdə heyvanları necə gözəl edirlər. Və mən yoldaşıma bu haqda təhsil almaq istədiyimi dedim və mən buna görə xaricə yollandım. Aylarla kurs keçdim, sonra isə evə qayıdan da başladım, əvvəlcə öz itimi, sonra isə dostların itlərini qaydaya salmağa başladım.

-  Azərbaycandakı ilk heyvan salonu sizindir yoxsa əvvəldən var idi?

- Bizim salonumuz ən birinci olub. Hətta qonşular mənə gülürdü ki, heç insan üçür bu cür salon yoxdur, siz isə heyvanlar üçün açacaqsınız? İnanmırdılar (gülür). Bəziləri şokdan ayılmamışdı, heç hələ təmir işləri gedirdi, məni polisə vermək istəyirdilər (gülür).

- Bəziləri deyir ki, cins it almayın, küçələrdən heyvan sahiblənin, bu haqda fikriniz nədir?

- Tamamilə doğrudur. Bilirsiniz, hər heyvan saxlayan insan, heyvansevər olmur. Bəzi insanlar bəzək üçün heyvan alırlar. Cinsini belə bilmədən, itin kinodakı adını deyib, mən filan itdən istəyirəm, deyənlər belə olur. Çox istərdim ki, hər kəs küçədəki heyvanları da sahiblənsin və onlara qayğı göstərsin.

- Gələcəkdə heyvan barınağı açmaq fikriniz var?

- Bəli, inşallah belə bir fikrim var. Sağaldıb, xaricə kimsəsiz it göndərmək, onlara orada ailə tapmaq. Başqalarından pul yığmaq istəmədiyimə görə, öz maliyyəmlə bacarmaq istədiyim üçün bir az vaxt lazımdır. 2 rəfiqəm var, onlar mənə dəstək olurlar.

- Sizin işiniz daha çox heyvansevərliklə bağlı olsa da, nəticə etibarilə biznesdir, bu biznesi idarə etmək sizə çətin deyil ki?

- Ümumiyyətlə, bütün bizneslər çətin olur və bu sahə Azərbaycanda olan ilk sahələrdən olduğu üçün bazar hələ ki çox dolu deyil. Amma bu işi ürəkdən sevdiyim üçün mənə çətin deyil.

- Heyvan sahiblərinə və ya sahiblənmək istəyənlərə məsləhətləriniz nələrdir?

- Mən istəyirəm ki, hər kəs heyvanlara qarşı mərhəmmətli olsun və onları sevsin və əmin olsunlar ki, onlar həqiqətən də heyvan istəyirlər. Ondan sonra heyvan sahiblənsinlər ki, sonra onlardan ayrılmaq məcburiyyətində qalmasınlar.

Dilarə Zamanova / Redaktor.az

222