ATV-də yaranan BƏDİİ ŞURA, SOYUNAN MÜĞƏNNİCİKLƏR... - Sonra da deyirlər, yaxşı olacaq

 15:45 04.10.2019     366

Sou-biznes nümayəndələrinin televiziya verilişlərində etdiyi xoşagəlməz hərəkətlər, efirə açıq-saçıq geyimdə gəlmələri tez-tez tənqid olunur.

Redaktor.az xəbər verir ki, belə halların qarşısını almaq üçün televiziyalardan bir neçəsində Bədii Şura yaradılıb. Lakin yenə də köhnə hamam, köhnə tasdır... Məsələn, ötən həftə ATV kanalında yayımlanan verilişlərdən birində qonaq olan müğənni Minanın geyimi böyük müzakirələrə səbəb olmuşdu. Bəs, televiziyalarda efir siyasətinə, efir mədəniyyətiə nəzarət etmək üçün formalaşdırılan Bədii Şuralar hara baxır ki, nəyə baxır ki, Mina və digərləri efirdə meydan sulayır?

Məsələ ilə bağlı ATV-nin Bədii Şurasının üzvü, tanınmış musiqiçi Gövhər Həsənzadə ilə əlaqə saxladıq. O bildirdi ki, Bədii Şurada müzakirələr zamanı yeniyetmə yaşda olanlar üçün musiqili əyləncəli verilişlərin maarifləndirici xarakterli olmqası təklif edilib:

“Bu məsələlər mərhələ-mərhələ öz həllini tapacaq. Tamaşaçılar görəcək ki. ATV-nin musiqili verilişləri yeni məzmunda yayımlanır. Bu verilişlər daha maarifləndirici olacaq. Amma bir məqama diqqət etmək lazımdır ki, bəzi verilişlər kanalın hazırladığı məhsul deyil. Bilirsiniz ki, bir çox verilişlər prodakşınlar tərəfindən hazırlanır. Orada da sponsor məsələsi, onların tələbləri var. Lakin bu məqamların da nizamlanması üçün təkliflərimiz var. Bu təklifləri yaxın günlərdə Bədii Şurada müzakirə edəcəyik”.

Gövhər xanımın səmimiyyətinə qətiyyən şübhə etmirik. Sadəcə düzələcək, dəyişəcək, daha mənalı, daha düşündürücü olacaq kimi o qədər vədlər verilir ki, daha bütün bunlara inanmağın gəlmir.Görəsən, Azər Xəlilov özü ATV-yə baxırmı? Baxırsa pis, baxmırsa ondan da pis...  

Oral Mədənçi / Redaktor.az