Görün onlar maşından NİYƏ əlini çəkib... - "Maşın" şouda bilmədiyimiz nə baş verir?

“Maşın” realiti şousunun "Maskarad" adlı 18-ci sürəti davam edir.
Redaktor.az xəbər verir ki, 18-ci sürət daha tez yekunlaşa bilər. Buna səbəb isə şouya qatılan iştirakçılardan Xalq artistləri Fatma Mahmudova, Bilal Əliyev, müğənnilər Nazim Pişyari, Ayan Babakişiyevanın əlini maşından çəkməsi, “Qurd” ləqəbli reper Fərid Eminovun isə qaydaları pozaraq “Maşın”ı tərk etməsidir.
Bəs, “Maşın” şouda nə baş verir, iştirakçılar niyə əlini maşından çəkir? Bu, şounun gedişatında yaranan təbii hal kimi görünür. Lakin bəzi insanlar hesab edir ki, əslində “Maşın”ın pərdəarxasında tamaşaçılara məlum olmayan hadisələr baş verir. Yəni, şounun təşkilatçıları ilə iştirakçılar arasında hansısa narazılıq var. Bu səbəbdən də onlar şounu tərk edirlər.
Bu, həqiqətən də belədirmi?
“Maşın” şounun təşkilatçısı "M Group Production”nın mətbuat xidmətindən bildirilib ki, deyilənlərin heç bir əsası yoxdur. Baş verənlər şouda yaşana biləcək hadisələrdir və yaşanır:
“Kimsə əlini maşından çəkib gedir, bu məsələdə təşkilatçıların nə günahı var ki?! Məsələn, Xalq artisti Fatma Mahmudova ötən gün müğənni Ramal İsrafilova əsəbiləşib, əlini maşından çəkdi. İkincisi, “Maşın” şounun bundan da çox iştirakçıların əlini çəkdiyi buraxılışları olub. 2015-ci ildə “Maşın” şounun “Nağıl” adlı sürətində bir gündə üç iştirakçı şounu tərk etmişdi”.
"M Group Production”dan əlavə ediblər ki, iştirakçıların nə aparıcı Murad Dadaşovla, nə də şounun yaradıcı və texniki heyəti ilə heç bir problemi olmayıb. Baş verənlər iştirakçıların öz aralarındakı intriqalardan qaynaqlanır.
Oral Mədənçi / Redaktor.az