Şeyx Fərqanə Qasımovaya bisavad deyən şairi YIXIB-SÜRÜDÜ: O, heç özü bilmir ki...

 19:19 20.11.2019     798

“Nəsiminin “Sığmazam” qəzəlinin araşdırması ilə 50 ildir məşğulam. 50 il əvvəl o irs bizə Əziz Şərif, Əli Fəhmi və İsa Muğannadan miras qalıb. Bu qəzəlin tərcüməsi, tədqiqatı və izahı ilə bu gün Azərbaycanda 4 böyük alim məşğul olur. Onun biri məşhur Nəsimişünas alim Saymaz Aruz, digərləri Firudin Qurbansoy və İlqar Fəhmi, dördüncüsü isə bəndəniz Şeyx Əbdül Mahmudbəyovdur. Hər birimiz bu layihənin təqdimat mərasimində iştirak etmiş və fikirlərimizi bildirmişik. Şəhriyar del Gerani gündəmə gəlmək və ya orijinal görünmək istəyirsə, pis mahnıları pisləsin, keyfiyyətli işlərə ləkə atmasın. Əgər o, təqdimatında Alim Qasımovun da çıxış etdiyi layihəyə cəsarət edib qara yaxırsa, böyük səhv edir. Gündəmə gəlmək istəyirsə, bu meydan, bu da şeytan... O, nə vaxtdan Nəsimişünas və əruzşünas olub? Fərqanə Qasımovanın ifa etdiyi “Sığmazam” kompozisiyasının təqdimat mərasimində böyük Nəsimişünas mütəxəssisləri musiqidən savayı sevindirən başlıca səbəb dəqiq ifa və əruzun dəqiq tələffüzü idi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu”.

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Şeyx Əbdül Şəhriyar del Geraninin müğənni Fərqanə Qasımovanın “Sığmazam” kompozisiyası haqqında yazdığı sərt fikirlərinə münasibət bildirərkən deyib. Xalq artisti bildirib ki, Şəhriyar del Gerani öz işi ilə məşğul olsa, daha yaxşı olar:

 

“Nəsimini bu gün şoulaşdırıb ucuzlaşdıranlar var. Fərqanə Qasımovanın hazırladığı bu layihə o eybəcərliklərə birbaşa cavabdır. Belə sözü deməzlər, danışmazlar. Ayıb olsun ona.

“Əbsəm ol” sözünün 20-ə qədər mənası var. Bunun quyruğundan yapışaraq cəsarət edib kompozisiyaya o fikri demək ayıbdır. Belə çıxır ki, ya biz yaxşıya pis deməyə başlamışıq, ya elmin fəlsəfəsini bilmədən özümüzü gülünc vəziyyətə qoyuruq, ya da ki, burada bir təxribat var. Getsin öz şeirlərini yazsın. Gah İrandan, gah Turandan, gah da Avropadan danışır. Hansı dinə, hansı məzhəbə, hansı xalqa, hansı məqsədə qulluq edirsə, getsin işi ilə məşğul olsun. Və heç kəs belə sözləri yazmağa cəsarət etməsin! Mənşəyi, milləti, mövqeyi və cinsiyyəti bəlli olmayan adamlar qorxmadan, utanmadan, çəkinmədən, heç bir məsuliyyət hiss etmədən yaxşı sənət əsərlərinə pis deyir.

Əgər belə təəssübkeşdirsə, Azərbaycan mədəniyyətini pis günə qoyanlara münasibət bildirsin də... O adam nə musiqiçi, nə də Nəsimişünasdır. Belələri gecə-gündüz su bulandırırlar, yaxşımıza pis deyir, pislərimizə Xalq artisti adı verirlər. Pis müğənniləri gündəmə çıxarırlar, onlara bahalı maşınlar hədiyyə edirlər və gecə-gündüz təbliğ olunurlar.

Bizim qaçıb xaricdə gizlənən “Aldanmış kəvakib"lərimiz var. Bir qarın yala xidmət edən xəyanətkar adamlar var. Yazıq Mirzə Fətəli Axundov 200 il əvvəl onları aldanmış kəvakiblər adlandırırdı. Onlar xüsusi sifariş və tapşırıqla yaxşımızı pisləməklə, əxlaqlımıza əxlaqsız deməklə, əxlaqsızlığı isə tərifləməklə məşğuldular. Əvvəla gedib vətən və öz mövqelərini müəyyən etsinlər, sonra gəlib başlarından böyük danışsınlar. O şair heç özü bilmir ki, “Əbsəm ol” sözünün ilahi, irfani, fəlsəfi və adi poetik açması nədir. Nə qanır o? Niyə indiyə kimi Nəsimini şouya çevirənlərdən çıxıb danışmırdı? Xeyir ola, indi yaxşı sənət əsərinə qarşı çıxır? Mənəviyyatımızı təhrif edən belə ziyanəvər adamları məhkəməyə vermək lazımdır”.

Fərqanə Qasımovanın “Sığmazam” kompozisiyasının təqdimat mərasiminin aparıcılığını öz üzərinə götürən tanınmış jurnalist Lalə Əliyeva hesab edir ki, bu, Azərbaycan adına böyük işlər görmüş bir insana yazılacaq tənqid deyil. O, əlavə edib ki, Gerani elə bu cür atmacalarıyla məşhurlaşıb:

На изображении может находиться: 3 человека, в том числе Lala Aliyeva, люди улыбаются, люди стоят

“Adətən mən yaradıcılığından çox küylü statuslarıyla məşhurlaşanlara cavab yazmıram, amma bu dəfə ənənəni pozum, çünki... Çünki hərdən söz dilin ucuna gəlir, qaytarmaq da olmur...

Deməli, bir şair var, babat şeirlər də yazır, hərçənd bütün külliyyatında mənim kimi niyyətə baxan oxucunu təəccübləndirəcək bir misra belə yoxdur... Qərəz, eşitdiyimə görə, həmin bu şair Fərqanə Qasımovanın Nəsiminin qəzəlinə münasibətindən olduqca narazıdır, musiqi nömrəsində "əbsəm ol" əvəzinə "əbkəm ol" ifadəsinin işlənməsi şairi bərk hiddətləndirib... Olan işdir, Nəsimin 650 illik yubileyi çərçivəsində keçirilən tədbirlərin birində plakata "Məndə sığar ikən cahan" yazılmışdı, kimsə irad bildirmədi, çünki niyyət və Nəsimiyə verilən dəyər göz qabağında idi. Nəsimi irsi heç vaxt bu qədər diqqət mərkəzinə çəkilməyib və öyrənməkdə eyib yoxdur.. Fərqanənin ifasına gəlincə, buradakı söz dəyişməsi yuxarıda qeyd etdiyim fikir təhrifi - həm də dərin fəlsəfi təhriflə müqayisəyə belə gəlməz. İranlı musiqiçi Nəsiminin digər qəzəllərini incələyərək (məsələn, "əgər süsən kimi əbkəm deyilsən, nitqə gəl, söylə...") ifaçıya bəlkə də səhv tövsiyə verib.

İnanın ki, bunu düzəltmək olar. İki gözəl ifaçıya "bisavad" adı qoyan... Özünə sərf eləyəndə susan... Sərf eləyəndə də bülbül kimi ötən adamın Nəsiminin qəzəlindəki mətləblərə yaxın gələcəyini gözləmək isə hədərdi. Nəsimi irsinə dəyər verən şair qeydlərini daha nəzakətlə yaza bilərdi. Kaş Gerani 15 yaşından bəri ustad xanəndənin yanında əyləşib muğam ifa edən Fərqanə Qasımovanın dəftərçəsindəki qəzəllərin yarısının yarısı qədər qəzəl biləydi. Onun bisavad adlandırdığı Fərqanə Qasımova dünyanın ən böyük şəhərlərinin ən nüfuzlu konsert salonlarında çıxışlar edib. Alim müəllimgilin birgə çalışdıqları dünya şöhrətli dahi musiqiçilərin Şəhriyar nəinki üzlərini, heç başmaqlarını da görə bilməz”.

Xatırladaq ki, şair Şəhriyar del Gerani öz yazısında Fərqanə Qasımovanın “Sığmazam” qəzəlində və bir neçə ay əvvəl Sami Yusiflə “Girdim yarın bağçasına” duetində sözlərin səhv oxunduğunu irad tutaraq onları bisavad adlandırıb. Sözügedən yazını olduğu kimi təqdim edirik:

“Sabahın bu çağında Fərqanə Qasımovanın ifasında Nəsiminin başıbəlalı "Sığmazam" qəzəlini dinlədim. Dinləməz olaydım. Tamamilə naşılıq, biabırçı dərəcədə piyadalıq tökülür ifadan. Xanım açıq-aydın nə oxuduğunu bilmir. Nəinki beytləri, hətta sözləri də qarışdırıb. Ümumiyyətlə, bizim ifaçıların əksəriyyəti belədir. Mətnə nabələdlikdən də pis şey yoxdur ifaçılıqda. Mətni duymaq bir yana, bunlar heç sətri mənada başa düşmürlər nə oxuduqlarını.

O gün də Sevda Ələkbərzadənin bir mahnısı çıxdı qabağıma, dinlədim və beləcə utandım. Düzü, yazığım da gəlir. Baxırsan, gözəl xanımlardır, istedadları da var, mədəniyyətləri də, di gəl, savadsızlıqdan son dərəcə əzab çəkirlər. Təklif edirəm ifaçı dostlarımız ədəbiyyat oxusunlar, heç olmasa, ifa etdikləri mətni öyrənsinlər. Kifayət qədər usta ədəbiyyatşünaslar var ölkədə. Kimdən kömək istəsələr, inanıram, təmənnasız öyrədərlər. Beləliklə də, sanballı, səbatlı bir iş qoymuş olarlar musiqi tarixinə. Yoxsa, belə olmur. Olur e, ayıb olur, biabırçı olur, ucuz olur, çiy olur, sıradan olur, zay olur, lap elə, əttökən olur.

Yazıqsınız, heyifsiniz, zəhmətinizi belə israf etməyin. Öncə kitab oxuyun, mətn oxuyun, bədii zövqünüzü formalaşdırın, şeiri-qəzəli öyrənin, daha sonra mahnı oxuyun, muğam oxuyun, lap istəsəniz, dua oxuyun. Amma oxuduğunuz mətnə o qədər bələd olun ki, inanasınız. Hə, bax, onda qəbul olacaq dualarınız...”