Rəhim Rəhimli MTV-dən AYRILDI

 22:44 15.01.2020     6185

Son zamanlar ölkənin yeganə musiqi kanalı olan "MTV Azərbaycan"da böyük canlanma hiss olunur.

Redaktor.az xəbər verir ki, Azərbaycanın bütün musiqi camiyəsi "MTV Azərbaycan"la bağlı müsbət fikirlər səsləndirir.

Kanalının təsisçisi Xudaverdi Hacıyevlə həmsöhbət olduq. Xudaverdi Hacıyev bildirdi ki, "MTV Azərbaycan"ın əsas uğuru Azərbaycan musiqisinin təbliği ilə məşğul olmasıdır:

"Bu gün istər müasir, istərsə də milli və retro musiqi dinləmək istəyən tamaşaçı rahatlıqla kanalımıza baxa bilir. Bununla yanaşı Azərbaycan mədəniyyəti və incəsənəti, şou-biznes aləmində baş verən maraqlı hadisələrin xəbər toplusu, müxtəlif  qala konsertlər və tədbirlər, bir neçə orijinal televiziya verilişləri "MTV Azərbaycan" kanalında tamaşaçılara təqdim olunur. Son bir ildə isə Azərbaycan musiqisinin ən parlaq simaları kanalımızın yaratdığı şəraitdən bəhrələnərək yeni kliplər çəkdirib və onları eksklüziv olaraq bizim kanalda yayımlayıblar. 

"MTV Azərbaycanın" ən ümdə vəzifəsi bundan sonra da milli köklərə dayanaraq, müasir tamaşaçının da zövqündə olan musiqilər təqdim etməkdir".

Xudaverdi Hacıyev son günlər kanalda baş verən kadr dəyişikliyi və bəstəkar-müğənni Rəhim Rəhimlinin işdən uzaqlaşdırılması ilə bağlı söz-söhbətlərə də aydınlıq gətirib:

"Rəhim Rəhimli "MTV Azərbaycan" kanalında qeyri-rəsmi olaraq çalışırdı. O, kanalın musiqi tərtibatı ilə bağlı bəzi məsələlərdə öz köməyini göstərirdi. Hazırda isə Rəhim Rəhimli xarici ölkələrdə olan konsert proqramları, gərgin yaradıcılıq işləri və tədbirlərinin çox olması səbəbindən qarşılıqlı anlaşma şəraitində kanalla yollarını ayırıb".