"Analığımı kiməsə sübut etməli deyiləm” - Gülay

 19:45 05.03.2020     2305

“Hər insanın özünə qoyduğu qadağalar var. Eləcə də mənim... Müasir geyinirik, sadəcə, olaraq açıq-saçıq geyinmirik. Məndən də bahalı geyinən müğənnilər var”.

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı “Mtv Azərbaycan”a müsahibəsində deyib. Tez-tez xanım müğənnilər arasında gedən “brend” rəqabətində adı çəkilən ifaçı bahalı geyimlərindən danışıb.

Gülay bildirib ki, adının bahalı geyinən müğənni kimi hallanmasına əsəbiləşir:

“Bahalı geyimi mən 2 aydan bir alıramsa, onu hər gün alan müğənnilərimiz var. Amma niyə hər dəfə mən belə gözə batıram, bilmirəm. Həm də bunu kiməsə görə etmirəm ki, başlıq edilsin. Sadəcə, ürəyimdən keçir. Allaha şükür, qazanc yetirir, mən də gedib alıram”.

İşlərinin çoxluğu səbəbindən qızına yetəri qədər vaxt ayıra bilməyən müğənni sosial şəbəkədə bu mövzuda şərh yazan izləyicilərlə bağlı incikliyini də dilə gətirib:

“Yolda olanda bəlkə 50 dəfə anamla danışmışam. Qızım nə yedi, nə geyindi, ne etdi? Tefefondan kameradan baxıram ki, görüm nə edir. O qədər narahat adamam. Anama zəng vururam, o da deyir “Narahat olma 3 dənə uşaq böyütmüşəm”. Kənardan çox asan görünür. Bəzən şərhlərdə yazırlar ki, uşağınıza vaxt ayırmırsınız. Hərə öz düşüncəsinə görə danışır. Amma mən analığımı kiməsə sübut etmək məcburiyyətində deyiləm. Bunu bir Allah bilir, bir də qızım bilir”.