Azərbaycanın tanınmış alimi vəfat edib

 16:37 18.06.2020     3893

Tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədov iyunun 18-də 70 yaşında vəfat edib.

AMEA-dan Redaktor.az-a bildirilib ki, Ziyafəddin Əsədov 1950-ci il iyulun 19-da Bakı şəhərində anadan olub.  O, 1967-ci ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi gümüş medalla bitirib və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinə qəbul olub. 1972-ci ildə ali təhsilini başa vurduqdan sonra alim təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işə başlayıb.

O, 1973-1976-cı illərdə SSRİ EA A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunda aspirantura təhsili keçib, 1979-cu namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. Z.Əsədov 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim 1976-2002-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb, 2002-ci ildə yeni yaradılmış Səthi-aktiv reagentlər və preparatlar laboratoriyasına müdir təyin olunub.