Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı çap olunub - Almaniya / FOTO

Elm
 12:40 29.06.2020     183

Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub.

Redaktor.az xəbər verir ki, türkoloq Herman Kielin tərcüməsində işıq üzü görən romanın redaktoru Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Arasdır.  

"Amazon", “Booklooker”, “Epubli” kimi böyük kitab satış saytlarında "Das Tal Der Magier" adı ilə yer alan əsər "PEM" və "Epubli" nəşriyyatlarında yayınlanıb.

Alman naşirlər romanı "Şərqin sirləri Kamal Abdullanın zəngin dili və özünəxas fəlsəfi izah tərziylə Qərb oxucusunu əfsunlamağa davam edəcəkdir” təqdimatı ilə oxucuların ixtiyarına verib.

İlk dəfə 2006-cı ildə Bakıda oxuculara təqdim olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

İtaliyalı professor, məşhur şərqşünas alim və yazıçı Franko Kardini, romanın fransız dilinə tərcüməçisi Daniyet Rottenberq, rusiyalı alim Lyudmila Lavrova, rumıniyalı ədəbiyyatşünas Lyudmila Bejenaru, professor Aydın Talıbzadə və başqaları roman haqqında yüksək fikirlər söyləyiblər.

Qeyd edək ki, “Sehrbazlar dərəsi” romanı Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013), Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), ABŞ-da (2015), İtaliyada (2016)  Rumıniyada çap olunub və bu ölkələrdə böyük təqdimat mərasimi keçirilib. Almaniya romanın çap olunduğu 11-ci ölkədir.

 

1

1