Gömrük Akademiyasının qəbul planı 100 faiz dolub

 14:10 01.07.2020     591

Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı statistik göstəricilərinin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb. Belə ki, Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.

Redaktor.az xəbər verir ki, bu il Akademiyada magistratura səviyyəsinə qəbul üçün Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisası üzrə 10 yer və Hüquqşünaslıq istiqaməti üzrə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisası üzrə 5 yer  ayrılıb. Onu da qeyd edək ki, Akademiyanın magistraturasına qəbul olan magistrantların hamısı dövlət sifarişi əsasında təhsil alacaqlar.

Qeyd edək ki, 6-15 iyul tarixlərində magistratura səviyyəsinə qəbul olmuş bakalavrların qeydiyyatının aparılması və sənədlərinin qəbul edilməsi nəzərdə tutulur. Bu istiqamətdə koronavirus pandemiyasına qarşı bütün təhlükəsizlik tələbləri gözlənilməklə hazırlıq işləri aparılır və bununla bağlı əlavə məlumat veriləcək.