Koronavirus Azərbaycan təhsilini hara aparır? - EKSPERT RƏYİ

 19:51 27.08.2020     1120

Azərbaycanda karantin rejimi ilə bağlı olaraq tədris prosesinin onlayn qaydada həyata keçirilməsinin mənfi təsirlər ortaya çıxır. Bu, özünü bir çox formalarda göstərir. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov mövcud vəziyyətlə bağlı ortaya çıxan fəsadların ikitərəfli olduğunu bildirib: 

“Karantin rejimi normal tədrisin həyata keçirilməsinə ciddi şəkildə mane oldu və insanlar alternativ təhsilalma metoduna keçdilər. Bu zaman təbii ki, elektron resurslardan:  kompüter və planşetdən  istifadə edilməli idi.  Bu da şagirdlərin xüsusən səhhətində çox ciddi problemlər yaratdı. Buna misal olaraq fiziki problemlər, yəni şagirdlər arasında görmə qüsurlarının yaranması və daha da genişlənməsi, inkişafdan geri qalma, onurğa sütunun əyriliyi, skiloz və başqalarını göstərmək olar. 
Həmçinin, şagirdlərdə zəruri bilik və bacarıqların formalaşması sahəsində ciddi problemlər özünü göstərdi. 

Təkcə bizim orta ümumitəhsil məktəblərində 1,6 milyon nəfər şagird oxuyursa, onun 600 minə yaxını ən azından alternativ təhsilalma prosesindən kənarda qaldı. Xüsusən ən ciddi problem məhz bu sahədədir. Yəni, zəruri resurs çatışmazlığı şagirdlərə zəruri bilikləri öyrətməyə imkan vermədi".

Distant təhsilin Azərbaycan üçün uğursuz olduğunu deyən təhsil eskpeti, bunu maddi-texniki bazanın zəif olması ilə əlaqələndirib:

“Distant təhsilin olması üçün Azərbaycan təhsil müəssisələrinin maddi-texniki bazası yoxdur. Yalnız bu istiqamətdə BDU və ADİU özünün təminatını qura bilib. İndiki qaydada ancaq onlayn tədris həyata keçirilə bilər. Distant təhsillə bağlı hələ də qanunvericilik yoxdur.  Birinci Milli Məclis və Nazirlər Kabineti tərəfindən qanun və qərar qəbul edilməli, bundan sonra distant təhsilə keçilə bilər. İndi isə yalnız  müəyyən televiziya proqramları və avadanlıqlar təmin edilməklə onlayn dərslər keçirilə bilər.

Təbii ki, distant təhsil çox yaxşı və uğurlu variantdır. Amma biz bu sahədə hələ də heç bir iş görməmişik”.
Ekspert qarşıdakı tədris ilinin hansı qaydada keçilməsi barədə danışkən dərslərin növbəli qaydada keçirilməsinin daha məqsədəuyğun olduğunu qeyd edib: 

Kamran Əsədov: “2023-cü ilə qədər ölkəmizdə 50-yə yaxın ixtisasa ehtiyac  olmayacaq”

“Tədris mərhələli, növbəli və pilləli formada başlaya bilər. Tədrisin ən uzun müddət davam edən hissəsi orta məktəb hissəsidir. Bu da üç hissədən: ibtidai, ümumi orta, tam orta təhsildən ibarətdir. Əvvəlcə  ibtidai siniflərin orta məktəbə gəlməsinə icazə verməliyik. Təbii ki, burada dərs prosesi günlərə bölünməli, həftənin 1,3,5-ci günəri yalnız bir və üçüncü sinifə oxuyanlar, 2,4,6-cı günlər günlər ikinci və dördüncü sinifdə oxuyan şagirdləri məktəblərə gələ gilər.

Dərslər 14 gün ərzində davam etməli, yoluxma sayında hər hansı bir atım olmasa 5-9-cu siniflər də məktəbə gəlməlidir. Təbii ki, birinci şagird sıxlığını azaltmaq lazımdır. Şagirdlərin dərsə gəlmədiyi günlərdə dərslər onlayn qaydada  həyata keçməlidir ”. 

Karantin rejiminin xüsusən aşağı sinif şagirdlərinin tədris prosesidə problemlərə yol açacağını bildirən K.Əsədov fəsadların bir neçə ay sonra üzə çıxacağını deyib: 

“Hesab edirəm ki ən azı, burada xüsusən aşağı sinifdə oxuyan şagirdlərin zəuri bilik və bacarıqlara yiyələnməsində ciddi problemlər olacaq. Yəni, onlayn qaydada hərf yazmaq, hərf yazmağı öyrətmək, oxumağı öyrətmək mümkün deyil. Bütün hallarda bu şagirdlərdə, xüsusən texniki fənnlərdə zəruri biliklərin ortaya çıxmamasına səbəb olacaq. Onlara lazımı bilikləri onlayn qaydada heç bir qaydada öyrədə bilmərik. Bunun fəsadları qəbul imtahanları və buraxılış imtahanlarında olacaq. Uşaqlar çox aşağı nəticə göstərəcək, həmçinin, psixoloji pozuntular ortaya çıxacaq. Ən azı bir neçə aydan sonra biz bunun fəsadlarını görəcəyik”.

Lalə Cəfərli / Redaktor.az