"Yüksəliş" diaspor mövzusunda vebinar təşkil edib

Elm
 17:47 01.09.2020     376

“Sentyabrın 1-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən "Azərbaycan diasporunun şəbəkələşməsi" mövzusunda vebinar keçirilib.

Redaktor.az xəbər verir ki, vebinarı müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdim edib.

Vebinar Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarxın  nümayişi ilə başlayıb. Komitənin sədri Fuad Muradov vebinar iştirakçılarına xaricdə görülən işlərdən danışarkən bildirib ki, bu gün diasporun qarşıda duran başlıca vəzifəsi Qarabağ həqiqətlərini lazımi yerlərə çatdırmaq, bu istiqamətdə diaspor təşkilatlarının işinin peşəkar təşkilinə çalışmaqdır.

Fuad Muradov həmçinin vurğulayıb ki,  bugünkü gözlənilməz və çətin pandemiya şəraitində hər bir həmvətənimizə dəstək olmaq üçün çevik addımlar atılır, diaspor xaricdəki azərbaycanlılarla mütəmadi əlaqə saxlayır, soydaşlarımızın müraciətlərini operativ cavablandırır. Bununla yanaşı, xaricdəki azərbaycanlıları bir araya toplayan, onların bir-birinə yaxından dəstək göstərə bilməsi üçün son illər müxtəlif ölkələrdə yaradılan və soydaşlarımızın təşkilatlanmasına ciddi təkan verən Azərbaycan evləri, Koordinasiya Şuraları şəbəkəsinin genişləndirilməsinə dair də xüsusi  fəaliyyət planının  mövcud olduğunu diqqətə çatdırıb: “Bu işdə soydaşlarımıza yardıma hər zaman hazırıq. Əsas istiqamətimiz, hədəflərimiz dövlətimizin dünyanın dörd bir yanında olan azərbaycanlıların yanında olmasını təmin etmək, bizə qarşı düşmənçilik siyasəti sərgiləyən erməni lobbisi qarşısında diasporumuzun gücünü daha da möhkəmləndirməkdir. Təbii ki, bunun üçün həmvətənlərimiz də sıx birləşməli, dövlətimizin tarixini, mədəniyyətini təbliğ etməkdə maraqlı olmalıdırlar.

Biz həmvətənlərimizin birliyinə, gücünə xüsusən Tovuz döyüşləri ilə bağlı müxtəlif ölkələrdə keçirilən dəstək yürüşlərində bir daha şahid olduq”.

Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb. Həmçinin iştirakçılar diasporun fəaliyyətini yaxından izlədiklərini,  son vaxtlar görülən işlərlə bağlı müsbət rəylərini bölüşüblər.

Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini də nəzərdə tutur.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.