Yoluxma kəskin artdı: Məktəblər yenidən bağlanır? - KORONAVİRUS KABUSU...

Elm
 17:52 24.09.2020     1116

Sentyabrın 15-dən etibarən Azərbaycanın ümumtəhsil müəssisələrində yeni tədris ilində yoluxmaların sayı get-gedə artır. Məktəblərdə bununla bağlı dərs saatının azalması və ya bu kimi dəyişikilik oluna bilərmi?

Bununla bağlı təhsil eksperti Nadir İsrafilov Redaktor.az-a bildirib ki, sosial şəbəkələrdə dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanması və məktəblərdə yenidən tədris prosesinin dayandırılması barədə fikirlər geniş yer alıb:

“Bununla bağlı Təhsil Nazirliyinin rəsmisinin də bildirdiyi kimi, bu məlumatlar o demək deyil ki, məktəblər bağlanır. Məktəblərin bağlanması ilə bağlı qərarı Operativ Qərargah verə bilər. Ümumtəhsil müəssisələri ilə bağlı son məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi ( I-IV siniflər) üzrə təhsil alan 625 min 394 şagirddən 7868 nəfərinin (1,26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi haqda iltizam sənədi imzalayıb. Bu o deməkdir ki, ehtiyatlanan valideynlər övladlarını məktəbə buraxmaqda sərbəstdirlər. 1 milyon 600 min şagirddən 95 nəfərində yoluxma faktının qeydə alınması elə də böyük bir rəqəm deyil. Bu məktəblərin bağlanması və bununla bağlı hər hansı bir panika və ajiotaj yardılması üçün yetərli fakt sayıla bilməz. Yoluxmanın məhz məktəbdə baş verməsi barədə tutarlı faktlar yoxdur”.

Ekspertin sözlərinə görə, bu kimi məsələlər bir sıra aidiyyatı qurumlarla razılaşdırılmalıdır: 

“Hesab edirəm ki, məktəblərin uzun müddətə tam olaraq bağlanması tədris prosesinin deqrodasiyasına şərait yarada bilər. İnsanların sağlamlığının bizim üçün nə qədər önəmli olmasını nəzərə alaraq, sanitar-epidemioloji qaydalara riayət etmək və bu sahədə geniş maarifləndirmə işləri aparmaq əsas vəzifələrimizdən biri olmalıdır”.

Şahnun Qasımova / Redaktor.az