"Hazırda onlayn tədris çox keyfiyyətsizdir" - TƏHSİL EKSPERTİ

 23:25 18.11.2020     908

“Qanununda təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulmuşdu. Hazırda bu, qanunvericilikdə var. Amma 11 il ərzində bu istiqamətdə ölkədə heç bir addım atılmayıb. Çünki ehtiyac yox idi, hərkəs ənənəvi formada tədris prosesində iştirak edirdi. Amma 2020-ci ildə bütün dünyanı pandemiya bürüdü və Azərbaycanda da yoluxma sayının qarşısını almaq məqsədilə tədris prosesi mart ayından etibarən dayandırıldı, dərslər onlayn sistemdə keçirilməyə başlandı. Öncə teledərs, daha sonra virtual məktəb, ardınca da "Microsoft Teams" proqramı ilə istər orta məktəblərdə, istərsə də ali məktəblərdə tədris prosesi qismən də olsa bərpa edildi".

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, burda məsələnin iki tərəfi var: Onlayn tədrisin əl çatanlığı və keyfiyyəti:

"Qeyd edək ki, ümumilikdə 4447 orta ümumtəhsil məktəblərində 1 milyondan çox şagird təhsil alır və onların 440 mini paytaxt Bakıdadır. Yəni qalan 1 milyon 200 min şagird isə regionlardadır. Biz bilirik ki, regionlarda olan şagirdlərin əksəriyyətinin planşetləri, yaxud kompyüterləri yoxdur. Həmçinin, orada internet imkanları da məhduddur. Məsələnin internət və texniki tərəfində olan problem ilə yanaşı, müəllimlərin İKT bacarıqlarının yüksək səviyyədə olmaması da digər problemlərdən biridir. Konkret rəqəmlərə baxsaq, orta ümumtəhsil məktəblərində 151 min müəllim çalışır ki, onlardan 37%-nin yaşı 65-ın üzərindədir. Deməli, bu yaşda olan müəllimlərin texniki resurslardan istifadə imkanları məhduddur. Bütün bunların fonunda distant təhsilin keyfiyyətindən danışsaq, bunu 2 istiqamətdə təhlil edə bilərik. Bu da humanitar və texniki fənnlərdə olan təhsilin səviyyəsidir.

Müəyyən fənlər var ki, onlar şifahi danışığı özündə əks etdirdiyi üçün zəruri bilik və bacarıqların formalaşması üçün həmin fənlərin tədrisini müəyyən qədər başa düşmək olar. Məsələn: Azərbaycan dili, Ədəbiyyat, Tarix və.s kimi fənnlərdə sırf şifahi sorğu-sual, danışıq tələb olunduğuna görə, bu fənnlərin tədrisi qismən mümkündür. Lakin, riyaziyyat, fizika, kimya kimi fənnlər laboratoriyada yaxud individual, lövhədə iş tələb edir və bu fənnlərin onlayn qaydada keçirilməsinin effekti aşağıdır.

Hazırda Azərbaycanda həyata keçirilən onlayn tədrisin və təhsilin keyfiyyəti çox aşağıdır hətta keyfiyyətsizdir. Çünki lazımi resurs və avadanlıqlar yoxdur. Həmçinin ali təhsil müəssisələrində də bu problemlər var. Tədris ancaq mühazirə formatında həyata keçirilir ki, bu da təhsilin çox aşağı səviyyədə baş tutmasına imkan verir.

Ekspert alternativ olaraq istifadə edilə bilən üsullardan danışaraq bildirib ki, bizə aid individual, vizuallaşmış virtual dərslər hazırlanmalı idi:

"Bundan başqa, tədris həyata keçiriləndən sonra onların onlayn yoxlanılması və ölçülməsi həyata keçirilməli idi. Bugün müəllimlər müəyyən əmək haqqı alırlar, lakin onlayn dərs keçmirlər, yaxud keçdikləri dərsin keyfiyyətinin yoxlanılması üçün hər hansı bir hesabat yoxdur. Ən dəhşətlisi odur ki, bizi 2020-2021-ci il buraxılış və qəbul imtahanları gözləyir. Bundan başqa, oflayn şəkildə istifadə oluna bilən tədris resursları hazırlanmalı, internetdə kifayət qədər elektron resurslar olmalı idi. Bu, mart ayından bəri görülməsi vacib olan işlər idi. Amma çox təəssüf ki, bunların heç biri yerinə yetirilməyib".

Şəfəq Samed \ Redaktor.az