Metodik vəsait istifadəçilərin xidmətinə verilib

 11:52 01.12.2020     268

Yaşadığımız XXI əsr informasiya əsridir və cəmiyyətin durmadan artan sənəd-informasiya tələbatının ödənilməsi yönümündə kitabxanaların üzərinə də mühüm vəzifələr düşür. İndi kitabxanaların informasiya resurslarının zaman və məkan məhdudiyyəti yoxdur. Çünki kitabxanalar mövcud sənədlərin saxlanma yeri olmaqla yanaşı, müasir texnologiyalar sayəsində informasiya dünyasına açılan qapı rolunu oynayırlar.

Redaktor.az xəbər verir ki, hazırda bu funksiyanı yerinə yetirən Respublika kitabxanaları COVİD-19 pandemiyası ilə əlaqədar istifadəçilərə virtual xidmət göstərirlər. Fəaliyyətini onlayn qaydada davam etdirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası kitabxana mütəxəssislərinə kömək məqsədilə “Kitabxanalarda biblioqrafik icmalların hazırlanması və keçirilməsi” adlı metodik vəsait tərtib etmişdir. Vəsaitdə biblioqrafik icmalın hazırlıq mərhələləri, tərkib hissələri, məqsədinə, məzmununa görə növləri, üstün və fərqli cəhətləri ətraflı şərh edilmişdir.

Bu vəsaiti tərtib etməkdə məqsəd kitabxana mütəxəssislərini kitabxanalarda mütəmadi olaraq keçirilən biblioqrafik icmalların növləri, hazırlanması və keçirilmə metodikası ilə yaxından tanış etməkdir.Çünki müasir dövrdə durmadan artan sənəd kütləsi içərisində daha dolğun və lazımlı informasiyanı almaq üçün hər bir oxucu biblioqrafik xidmətə müraciət etməli olur. Sözügedən metodik vəsaitdə əyani nümunə kimi kitabxanalarda biblioqrafik icmalların hazırlanması və keçirilməsi metodikasının slayd forması, “Qarabağ Azərbaycandır” silsiləsindən “Qarabağ həqiqətlərini əks etdirən kitablar” adlı mövzu icmalı və Respublika Gənclər Kitabxanasının tərtib etdiyi digər mövzu və şəxsi icmalların virtual sərgisi verilmişdir. “Kitabxanalarda biblioqrafik icmalların hazırlanması və keçirilməsi” adlı metodik vəsait ilə http://ryl.az/files/biblioqrafik_icmal.pdf və https://www.instagram.com/tv/CIK5ADkBp2t/ linkləri vasitəsilə tanış ola bilərsiniz.