Tarix İnstitutunda struktur dəyişikliyi edilib - AMEA

 12:59 18.02.2021     287

AMEA Tarix İnstitutunun 2021-ci il 17 fevral tarixli Elmi Şurasında Tarix institutunda elmi-tədqiqat şöbələrinin strukturunun təkmilləşdirilməsi haqqında məsələ müzakirə edilib. 

Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, Elmi Şura bəzi struktur dəyişikliyinin həyata keçirilməsilə bağlı qərar qəbul edib və bu barədə AMEA-nın İctimai və humanitar elmlər bölməsinə müraciət edib. Bəzi şöbələrin AMEA-nın strukturundakı digər institutlarda və ya bilavasitə, institutun özündə olan digər şöbələr ilə qismən təkrar olduğu üçün ləğv edilib, yaxud digər şöbələr ilə birləşdirilərək yenidən təşkil olunub. Belə ki, müasir Azərbaycan Respublikası üçün siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və tövsiyələr verilməsi üçün yeni siyasi partiyalar və ictimai hərəkatların tarixi şöbəsi yaradılması barədə təklif irəli sürülüb.

Mövcud tarixşünaslıq və mənbəşünaslıq şöbəsi Tarixin nəzəriyyəsi, Mənbəşünaslıq və tarixi demoqrafiya, Qarabağ tarixi şöbəsi Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsi, Beynəlxalq münasibətlər tarixi şöbəsinin isə Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsi kimi təşkil edilməsinə qərar verilib.

Təklif olunan dəyişikliklərdən sonra Tarix İnstitutunun elmi-tədqiqat şöbələrinin yeni strukturunun aşağıdakı kimi olması nəzərdə tutulur:

1. Qədim dövr tarixi şöbəsi;
2. Orta əsrlər tarixi şöbəsi;
3. Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsi;
4. Yeni tarix şöbəsi;
5. Xalq Cümhuriyyəti tarixi şöbəsi;
6. Azərbaycanın sovet dövrü tarixi şöbəsi;
7. Azərbaycan Respublikasının tarixi şöbəsi;
8. Əliyevşünaslıq şöbəsi;
9. Azərbaycanın tarixi coğrafiyası şöbəsi;
10. Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixi demoqrafiya şöbəsi;
11. Siyasi partiyalar və ictimai hərəkatların tarixi  şöbəsi;
12. Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsi.

Qeyd edək ki, AMEA-da qəbul edilmiş qaydalara uyğun olaraq Tarix İnstitutu Elmi Şurasında qəbul edilmiş qərarlar yalnız, müvafiq strukturlar tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.