Muzey Gününə həsr olunan tədbir keçirilib - ADU

 13:22 31.05.2021     311

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Tarixin görünən üzləri – Qədim muzeylər” haqqında  onlayn tədbir keçirib.

Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov çinşünas tələbələrə bu bayramın bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirildiyini və bu gün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə, muzeylərin vəziyyətinə, bu sahədə mövcud olan problemlərə cəlb etmək üçün əlamətdar vəsilə olduğunu qeyd edib. O, Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlərin bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyini, Mehriban Əliyevanın böyük zəhməti sayəsində Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan dövlət tarixi-bədii qoruğu, Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyinidə tələbələrin bir daha diqqətinə çatdırıb.

Rafiq Abbasov, eyni zamanda, Azərbaycanın Prezidenti İlham Əliyevin elan etdiyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşada fəaliyyət göstərən tarix, dərman bitkiləri, xalça, daş sənətkarlığı muzeyləri, Üzeyir Hacıbəyli, Bülbülün və Xurşidbanu Natəvan  ev muzeylərindən bəhs edib. R.Abbasov  ölkəmizdən və Çin muzey tarixlərindən bəhs edərək,  Eramızdan əvvəl   XIII-XII əsrlərdə Çində estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu da vurğulayıb. O, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin ÇXR-ə səfərləri zamanı məşhur Çin mədəniyyət abidələrini və tarixi muzeylərini ziyarət etdiklərini  də bildirib.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun mütəxəssisi Nigar Qocayeva tələbələrə  Ququn (“Qadağan şəhər”)  imperator saray  muzeyindən bəhs edərək,  onun təkcə ən gözəl qədim memarlıq abidələrindən biri yox, həm də dünyada ən iri yaxşı saxlanılmış orta əsr saray ansambllarından biri olduğunu və Pekinin düz mərkəzində yerləşdiyini qeyd edib. O, Ququnun nəhəng memarlıq abidələrinin və nadir sərvətlərinin Çinin parlaq mədəniyyətinin simvoluna çevrildiyinidə vurğulayıb.

ADU Çinşünas tələbələrinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Ququn Muzeyinin direktoru Şan Disyan ilə "Qadağan edilmiş şəhərdə sülh” mövzusunda mühazirə oxuması ilə görüşlərindən də danışıb.