ADU-da yay imtahan sessiyası başlayıb

 12:23 04.06.2021     287

Azərbaycan Dillər Universitetində 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

Ali təhsil ocağının İctimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, bununla bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla əmr imzalayıb.

Əmrə əsasən imtahanlar 05.07.2021-ci il tarixinə qədər gün ərzində üç növbədə distant (məsafədən) davam edəcək. Gün ərzində 1000-ə yaxın tələbə imtahan verir. İyunun 3-ə olan nəticələrə görə, 986 tələbə imtahan vermiş, toplanılan ən yuxarı bal 100 bal, ən aşağı bal isə 51 bal olub.

İmtahanın gedişatı zamanı istənilən səbəbdən (elektrik təchizatı, internet şəbəkəsinin itməsi və s.) tələbə ilə görüntü və səs əlaqəsi kəsildikdə həmin tələbə ilə gün ərzində və ya növbəti gün əlaqə saxlanılaraq fərdi şəkildə imtahan götürülür. Bu kimi hallar dekanlıq tərəfindən araşdırılır və fərdi yanaşma tətbiq olunur.

İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası yaradılıb.