Azərbaycanlı alimlər Ukraynada mühazirə deyəcəklər - VİDEO

 19:41 13.08.2021     346

Kiyevdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Dnepr Milli Texniki Universiteti (DMTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Redaktor.az-ın məlumatına görə, sənədi ADNSU-nin rektoru Mustafa Babanlı və DMTU-nun rektoru Aleksandr Azyukovskiy imzalayıb.

Azərbaycanın Ukraynadakı Səfirliyində baş tutan mərasimdə səfir Elmira Axundova iki ölkə arasında, digər sahələrdə olduğu kimi təhsil və elm sahəsində də əlaqələrin inkişafını qeyd edib. O bildirib ki, yaxın gələcəkdə də qarşılıqlı səfərlər və iki ölkə ekspertlərinin birgə görüşü nəzərdə tutulub.

A.Azyukovskiy öz növbəsində bildirib ki, rəhbərlik etdiyi universitetdə elmin inkşafı, gənclərin elmə daha çox cəlb olunması əsas prioritetlərdir:

“Azərbaycanın neft sənayesi üzrə çox dərin təcrübəsi var. Biz məmnuniyyətlə bu təcrübəni bölüşmək istərdik. Eyni zamanda professor-müəllim heyətinin, tələbələrimizin qarşılıqlı mübadiləsini həyata keçiməkdə maraqlıyıq”.

M.Babanlı isə bildirib ki, rəhbərlik etdiyi universitet alimlərini mühazirə oxumaq üçün göndərməyə hazırdır və Azərbaycanda da ehtiyac olan sahələr üzrə ukraynalı alimləri mühazirə üçün dəvət etmək niyyətində olduğunu əlavə edib:

“Biz daha çox çalışırıq ki, innovativ təhsil proqramlarına üstünlük verək. Dövlət başçımızın da əsas prioritetlərindən biri odur ki, Azərbaycan təkcə beynəlxalq nəqliyyat qovşağı kimi deyil, eləcə də beynəlalq innovativ qovşaq kimi tanınsın. Bu baxımdan istərdik ki, münasibətlərimiz tək ikitərəfli yox, həm də beynəlxalq xarakter alsın”.

Daha sonra azərbaycanlı rektor gələcəkdə nəzərdə tutulan bir sıra qarşılıqlı layihələr barədə məlumat verib.

Tədbirdə DMTU elmi-texniki kitabxanasının direktoru, Dnep şəhərində Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Qennadi Onişenko, səfirliyin ikinci katibi Samir Allahverdiyev də iştirak edib. //Report