“Milli azlıqların bədii yaradıcılıq antologiyası” kitabının təqdimatı keçirilib - FOTOLAR

 12:58 05.11.2019     741

28 oktyabr 2019-cu ildə Gəncə şəhərində yerləşən Mərkəzləşdirilmiş Kitabxanada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası və Azərbaycan Yaradıcılıq Fondu (AYF) ilə birgə “Azərbaycanda yaşayan milli azlıqların söz yaradıcılıqları” layihəsi çərçivəsində çap olunmuş “Milli azlıqların bədii yaradıcılıq antologiyası” kitabının təqdimatı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYF-nin Təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov tədbir iştirakçılarını salamlayaraq çap olunmuş antologiya haqqında geniş məlumat verib. O, ölkəmizdə uğurla həyata keçirilən multikulturalizm siyasətindən, onun dünyada nümunəyə çevrilməsindən söz açıb.

Çap olunmuş antologiyanın da bu siyasi xəttin və ölkəmizdə yaşayan azsaylıxalqların dostluq, qardaşlıq şəraitində yaşamasının bir nümunəsi olduğunu vurğulayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər şurasının sədri Kamal Abdullayevin və icraçı direktoru Rəvan Həsənovun Azərbaycan multikulturalizminin dünyada təbliği yolunda gördükləri işlərdən, qazanılan uğurlardan bəhs edib.

Daha sonra AYF-nin sədr müavini Rafiq Kaşanlı fondun bu günə qədər gördüyü işlərdən, multikulturalizm siyasətində tutduğu yerdən bəhs edib. Eyni zamanda ölkəmizdə yaşayan azsaylı xalqların tarixi, ədəbiyyatı, adət-ənənələri barədə iştirakçılara geniş məlumat verib.

Tədbirdə çıxış edən şair və yazıçılar antologiyanın çap olunmasının əhəmiyyətini, azsaylı xalqların dostluq və qardaşlıq şəraitində yaşamasına böyük töhfə olduğunu vurğulayıb.

Sonda Azərbaycan Yaradıcılıq Fondunun Təşkilat şöbəsinin müdiri Fuad Cəfərov tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasına, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Gəncə şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

22