DİM GRE imtahanı keçirmək üçün lisenziya əldə edib- - TARİXLƏR

 12:15 11.02.2020     1080

DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən rəsmi kompüter əsaslı test mərkəzində ETS (Educational Testing Service) təşkilatının GRE (Graduate Record Examinations) imtahanını keçirmək üçün lisenziya əldə olunub.

Redaktor.az xəbər verir ki, GRE imtahanı riyazi və verbal məntiq, həmçinin analitik yazı (esse) hissələrindən ibarətdir. Bu imtahan dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

İmtahana qeydiyyat onlayn şəkildə ETS-in internet səhifəsində yaradılmış şəxsi hesab vasitəsilə buradan həyata keçirilir. 2020-ci ildə DİM-də GRE imtahanını aşağıda qeyd olunan tarixlərdə vermək mümkündür:

  • 22 Fevral
  • 21 Mart
  • 5 Aprel
  • 9 May
  • 26 İyun

Qeyd edək ki, 1947-ci ildə təsis olunan ETS test və qiymətləndirmə sahəsində dünyanın ən böyük özəl qeyri-kommersiya təhsil təşkilatıdır. ETS əsasən ABŞ-da K-12 və ali təhsil üçün müxtəlif standart testlər tərtib edir, həmçinin 180-dən çox ölkədə TOEFL iBT, TOEIC, GRE, HiSET və Praxis kimi beynəlxalq imtahanları idarə edir.