Tibb Universitetində daha bir ixtisas açıldı

 16:15 13.02.2020     834

Azərbaycan Tibb Universiteti bakalavr təhsili pilləsində daha bir yeni ixtisas - “Fizioterapist” ixtisası açılır.

Redaktor.az bildirir ki, universitetdən APA-ya verilən məlumata görə, yeni ixtisas üzrə bakalavriat səviyyəsində 4 illik tədris proqramı təqdim olunur. Dörd illik tam təhsil aldıqdan sonra məzunlar magistratura və ya doktorantura üzrə diplomdansonrakı təhsillərini davam etdirə bilərlər.

Fizioterapiya təbii prosedurlarla müalicə aparan müasir tibbin ən vacib qollarından biridir. Bu sahənin mütəxəssisləri fiziki problemləri olan xəstələrə - zədəli insanlara, əlilliyi olanlara və yaşlı insanlara kömək edirlər. Fizoterapiya belə xəstələrin hərəkət qabiliyyətini yaxşılaşdırmağa, gələcəkdə daha ciddi problemlərin yaranması riskinin qarşısının alınmasına kömək edir.

Təhsil müddətində tələbələr fizioterapistliklə bağlı vacib bilik və bacarıqları əldə edəcəklər. Onlar xəstələrlə görüşüb diaqnoz qoyulmasında iştirak edəcəklər. Bundan sonrakı mərhələdə gələcək mütəxəssislər manual terapiya, müalicəvi idman və elektroterapiya kimi üsulların tətbiqi ilə bağlı müstəqil analiz aparacaqlar. Fizioterapistlər müalicə ilə yanaşı, xəstələrə gələcəkdə zədələrdən yayınmaq, bu vəziyyəti idarə etmək üçün məsləhətlər də verə biləcəklər.