Millət vəkili: Təhsilin fasiləsizliyini təmin etmək lazımdır  - AÇIQLAMA

 10:49 13.03.2020     3522

Təhsil Nazirliyi dərslərdə yaranan boşluğu aradan qaldırmaq üçün AzTV-nin “Mədəniyyət” Kanalında “Dərs vaxtı” adlı teledərslərə başlayıb.

Teledərslər tədris prosesində yaranmış boşluqların doldurulması üçün  kifayət edirmi? 

Redaktor.az-a açıqlamasında təhsil eksperti, millət vəkili Etibar Əliyev bildirib ki, orta məktəblər üçün mövcud olan resurs hələ ki, bundan ibarətdir:

"Təhsil  Nazirliyi təhsil sistemində yaranan boşluğu aradan qaldırmaq üçün müəyyən tədbirlər planı hazırlayır. Qarşıdan gələn qəbul imtahanlarını da nəzərə alsaq, bu, boşluqların aradan qaldırılması üçün mövcud variantlardan biridir. Düşünürəm ki, yaxın gələcəkdə distant təhsilin ölkədə tətbiqi istiqamətində çox ciddi işlər görülməlidir. Bu gün informasiya cəmiyyətində yaşayırıq və bu cəmiyyətin tətbiqetmələri ilə müxtəlif platformalarda şagird-müəllim, valideyn–müəllim münasibətləri tədris prosesində qurula bilər. Amma bunun professional formasını tapmaq lazımdır".

Təhsil eksperti qeyd edib ki, mövcud  hadisə həm də əksər ali təhsil müəssisələrinin distant təhsilə hazır olmadığını ortaya çıxardı:

"Məktəb və universitetlərdə İnformasiya Texnologiyaları təminatı məsələsi yenidən gündəmə gətirilməlidir. Eyni zamanda müəllimlər maarifləndirilməlidir ki, bu cür hallar yenidən baş versə, tədris prosesində boşluğun yaranmaması və şagirdlərin dərs materiallarını tam mənimsəməsi üçün şərait yaradılsın. Hazırda bunu müxtəlif üsullarla - "Facebook", "WhatsApp", "Skype" vasitəsilə həyata keçirmək olar". 

Millət vəkili əlavə edib ki, Təhsil Nazirliyi distant təhsillə bağlı xeyli iş görməlidir:

"Bu, həddindən artıq mürəkkəb məsələdir. Çox böyük vəsait tələb edən işdir. Dünyanın əksər ölkələrində bu sistem hələ də  tam şəkildə həyata keçirilə bilməyib. Təsəvvür edin, 4500-dən çox məktəbdə belə bir prosesin qurulması həm böyük vaxt və vəsait tələb edir. Müəllimlər də çıxış yolu axtarmalıdırlar ki, şagirdlər üzürlü səbəbdən evdə qaldıqları bir dövrdə, müəllimlərin ardıcıl tədris etdiyi fənləri şagirdlər mənimsəyə bilsinlər. Düşünürəm ki, bundan sonra bu məsələlər haqqında ciddi düşünmək, təhsilin fasiləsizliyini bütün hallarda təmin etmək lazımdır". 

Sevda Ulutau / Redaktor.az