Məktəblər bağlıdır, evdə şagird hazırlaşdıran müəllimlərə VACİB XƏBƏR!

Aprelin 27-sindən etibarən repetitorlara qrup halında (10 nəfərlik) hazırlıq keçməyə icazə verilib. Lakin yeni müəyyənləşdirilmiş qaydaları həyata keçirmək şərti ilə. Belə ki, repititorlar "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməli, VÖİN açdırmalı və vergi ödəyicisi kimi fəaliyyətə başlamalıdırlar.
Repititorluq fəaliyyəti leqal biznesə çevrilir?
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Redaktor.az-a bildirib ki, repititorluq təhsil fəaliyyəti olsa da, Təhsil Nazirliyinin tənzimlədiyi fəaliyyət növü deyil:
"Bu məsələ Təhsil Nazirliyinin tənzimlədiyi fəaliyyət sahəsi deyil. Müəllim kimi rəsmi olaraq təhsil sahəsində fəaliyyət göstərməyən şəxs də bu işlə məşğul ola bilər. Sahibkarlıq fəaliyyəti olduğu üçün, bu, Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyinin tənzimləyəcəyi bir işdir".
Millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyev isə bildiririb ki, repititorluqdan vergi tutulmasının tərəfdarıdır:
"Bizim əsas məqsədlərimizdən biri repititorluğu aradan qaldırmaqdır, indi repititorluğun təbliği başlayıb?! Millət vəkili kimi repititorluqdan vergi tutulmasının tərəfdarıyam. Ortada külli miqdarda pul vəsaiti var. Əlavə olaraq dərs deyirsə və pul qazanırsa, bunun qarşılığı birmənalı olaraq vergidir. Ən əsası, bu, valideynlərin büdcəsinə, sosiallaşmaya mənfi təsir göstərir, uşaqların dərslərdən yayınmasına səbəb olur. Orta məktəb müəllimi proqramı maksimal şəkildə şagirdə çatdırmağa borcludur. Heç bir müəllimin məsuliyyətsizlik etməyə ixtiyarı yoxdur. Orta məktəblərdə davamlı olaraq monitorinqlər aparılmalı və təhsilin kefiyyəti yoxlanılmalıdır. Birinci növbədə müəllim dövlət təhsil müəsissələrində verdiyi dərsin məsuliyyətini daşımalıdır. Elə bir mühit yaradılıb ki, kimsə bu məsələyə toxunanda deyirlər "amanın bir günüdü, müəllim acından öləcək!". Yox, elə deyil! Müəllim keçdiyi dərsin kefiyyətinə görə normal əməkhaqqı ilə təmin olunur".
Sevda Ulutau // Redaktor.az