Qədim azərbaycanlıların izi ilə - TARİXİ ARAŞDIRMA

 09:42 14.05.2020     2082

Azərbaycan Respublikasından minlərlə kilometr uzaqda, Cənubi Asiyada, Himalay dağının ətəklərində yerləşən Nepal dünyanın ən sirli ölkələrindən biridir. Bu yazımız həmin sirlərdən biri barəsindədir.

Nepal buddizmin əfsanəvi yaradıcısı Qautama Budda Şakyamuninin vətəni hesab olunur. Ehtimala görə, Qautama Budda e.ə. VI əsrdə yaşamışdır.

Nepalın 77 rayonundan birinin adı Salyandır. Ümumiyyətlə isə, Nepalda Salyan adlı iki şəhər, bir rayon, dörd kənd və bir göl vardır. Daha maraqlısı odur ki, Nepaldakı Salyan şəhərindən təxminən 50 km aralıda Banke adlı rayon yerləşir.

Nepalın Salyan rayonunda yaşayan əsas etnik qruplarından biri maqarlardır. Maqarlar Nepalın ən döyüşkən xalqı sayılır. İnduist və buddist olsalar da, etiqadlarında qədim türk şamançılığı ilə oxşar cəhətlər mövcuddur. Güman edilir ki, maqarlar Nepala çox qədim zamanlarda hansısa uzaq bir ölkədən dini zəmində təqiblərə məruz qaldıqlarına görə köçmüşlər.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Salyan şəhəridir. Salyan şəhərindən təxminən 50 km məsafədə Bankə adlı qəsəbə yerləşir.

Həm Salyan, həm də Bankə tarixən Muğan bölgəsinə aid məntəqələrdir. E.ə. VI əsrdə Muğan düzündə Midiyanın altı tayfasından biri olan maq tayfası yaşayırdı. E.ə. 522-ci ilin mart ayında Qaumata adlı bir şəxs növbəti Əhəməni şahı elan edildi. Başqa hökmdarlardan fərqli olaraq Qaumata müharibə əleyhdarı idi. Hakimiyyət başına keçən kimi hərbi əməliyyatları dayandırmış, vergiləri ləğv etmişdi. Qaumatanın ən sadiq tərəfdarları maqlar idi. E.ə. 522-ci ilin sentyabr ayında pars əyanı I Daranın başçılıq etdiyi sui-qəsdçilər Qaumatanı qətlə yetirdilər, maqları isə amansız təqiblərə məruz qoydular. E.ə. 522–520-ci illərdə Midiyada, İlamda və Parsada Qaumatanın ardıcılları ilə Daranın rəhbərlik etdiyi hərbi xunta arasında çox dəhşətli və amansız bir vətəndaş müharibəsi baş verdi. Qaumata tərəfdarlarının çoxu mübarizədə həlak oldu. Sağ qalanların isə Daranın əli çatmayacaq yerlərə köç etməkdən başqa bir əlacı yox idi. 

Bəzi tarixçilər Qaumatanı ikinci Əhəməni imperatoru Qambujiyanın kiçik qardaşı ilə eyniləşdirir, digərləri isə onu midiyalı və maq hesab edirlər. Həmin fikirlərdən hansı doğrudur? Bu sualın birmənalı cavabı olmasa da, Nepalda Mediya, İlam, Parsa, Bardiya kimi yer adlarının mövcudluğu müəyyən fərziyyələr doğurur. Xatırladaq ki, Əhəmənilər imperiyasının əsas vilayətləri Midiya, İlam və Parsa olmuşdur. İkinci Əhəməni imperatorunun kiçik qardaşının adı isə Bardiya idi. Amma gəlin mülahizə yürütməyə tələsməyək... Bəlkə də bütün bunlar təsadüfi bənzərliklərdir. Əlavə edək ki, Nepalda Alban, Baku, Eriwang, Ghuskun, Ganja, Kapan, Sisakhane, Garamani, Manas, Udi, Urmi adlı yaşayış məntəqələri, rayonlar, göllər və dağlar da vardır. Lakin ola bilsin ki, bu oxşarlıqlar da hansısa təsadüflərin nəticəsidir.

Qautama və Qaumata adları bir-birinə bənzəsə də, onların sahibləri arasında kifayət qədər ciddi bir fərq vardır. Belə ki, I Daranın iddiasına görə, Qaumatanın guya qulaqları olmamış, daha doğrusu, keçmişdə işlətdiyi hansısa cinayətə görə kəsilmiş, sui-qəsdçilər də məhz bunu öyrənərək onun şahzadə Bardiya deyil, yalançı bir maq olduğunu anlamışdılar. Qautama isə əksinə, buddist ikonalarında qeyri-adi dərəcədə iri qulaqlarla təsvir olunmuşdur. Görəsən Qautama Buddanın ardıcılları bununla nə demək istəyirlər?

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindəki faktlar əsasında

//Birlik.az