Təhsil şöbələrinin müdirləri ilə onlayn görüş keçirilib - AMEA

Elm
 13:51 15.05.2020     337

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri ilə onlayn görüş keçirilib.

Redaktor.az xəbər verir ki, məqsəd COVID-19 pandemiyası dövründə AMEA-da tədrisin davamlılığının təmin edilməsi, I kurs magistrantların yay imtahan sessiyasının təşkili, II kurs magistrantların magistrlik dissertasiyalarının müdafiəsinin vaxtında keçirilməsi, həmçinin doktorantura və dissertanturaya 2020-ci ilin qəbul nəticələrini müzakirə etmək olub.

İclasda müvafiq institutların Təhsil şöbələrinin rəhbərləriylə yanaşı AMEA Neft və Qaz İnstitututunun Təhsil şöbəsinin müdiri Arif Hüseynov da iştirak etmişdir.

Görüşü Fail Kazımov açaraq AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) təhsilin təşkil edilməsi haqqında” sərəncamını xatırladıb. O, sözügedən sənədə əsasən akademiyanın tədris prosesində yeni yanaşmanın tətbiqinə başlanıldığını deyərək, xüsusi karantin rejimində təhsil prosesinin davamlılığının təmin olunmasının vacibliyini vurğulayıb.

İdarənin rəis müavini Hüseyn Hüseynov çıxış edərək, distant təhsil sahəsində əldə edilən təcrübəni yüksək qiymətləndirərək, onlayn rejimdə keçirilən sərbəst işlərin və kollokviumların, o cümlədən seminar qiymətlərinin imtahanqabağı bal cədvəlində nəzərə alınmasının zəruriliyini qeyd edib.

Sonra Təhsil şöbəsinin müdiri Arif Hüseynov  yay imtahan sessiyasının başlama vaxtı, keçirilmə forması və qaydaları məsələsini qaldırmışdır. Daha sonra isə bu barədə müzakirələr aparılmışdur.

Sonda Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev magistrantlar üçün yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının təşkilli ilə bağlı çıxış edib. O, ölkə rəhbərliyinin pandemiya ilə əlaqədar qəbul etdiyi preventiv tədbirləri, xüsusilə sosial məsafəni gözləməklə, istisna halları nəzərə almaqla həm imtahan sessiyasının, həm də magistrlik dissertasiya işlərinin müdafiəsinin ənənəvi yolla aparılacağını qeyd edib.

1