Millət vəkili tələbələrin təhsil haqqından azad olunmasına QARŞI ÇIXDI

 21:55 21.05.2020     1193

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu məqsədlə 40 milyon manat vəsait ayrılıb.

Lakin bütün tələbələrin keçilməyən semestr üçün təhsil ödənişlərinin ləğv edilməsi arzuolunandır. Bəs bu mümkündürmü? 

Təhsil eksperti Elşən Qafarov Redaktor.az-a bildirib ki, burda əsas problem Azərbaycanda ödənişli təhsilin həddən artıq çox olmasıdır: 

"Azərbaycanda ödənişli təhsil həddindən artıq çoxdur. Ali təhsil müəsissələrinə dövlət çox böyük şəraitlər yaradıb. Hətta güzəştli vergi də tətbiq edilib. Özəl təhsil müəsissələri bir kənara, təəssüf ki, dövlət təhsil müəsissələri qazancı əsasən ödənişli təhsildən götürür və bu da təhsilə və Azərbaycan elminə  heç nə vermir. Azərbaycanda hər 100 nəfərdən 70-i ödənişli təhsil alır. Ödənişli təhsil alanların 10 faizdən çox olmamasını arzu edərdim. 70 faiz ödənişli təhsil qanunun özünə də ziddir. Belə olan halda özəl təhsil müəsissəsi ilə dövlət təhsil müəsissəsinin fərqi nədir?! Onda dövlət bu qədər vəsaiti niyə dövlət ali təhsil müəsissələrinə ayırır? Pandemiya dövrünə gəldikdə, 2019-2020-ci tədris ilinin ikinci yarımil ödənişlərinin alınması düzgün hal deyil. Dördüncü kurslar üçün bu ödənişlər qaytarılmalı, digər kurslar üçün növbəti yarımilin ödənişi ilə əvəz edilməlidir. Ən azı pandemiya dönəmində dövlət təhsil müəsissələri tələbələri keçmədikləri semestr üçün ödənişdən azad etməlidir".

Təhsil eksperti, millət vəkili Etibar Əliyev isə təhsil haqlarının ləğvini əsassız hesab etdiyini bildirib: 

"Universitet müəllimlərinin əməkhaqqı tələbə köçürmələri ilə müəyyənləşdirilir. Əgər tələbə köçürmələri olmasa, universitet müəllimləri maaşsız qalacaq. Bu köçürmələrin 82-85 faizi müəllimlərin əmək haqqına sərf olunur. Bir çox universitetlərdə tələbələrə virtual dərslər keçirilib. Hansı tələbələr qoşulmayıbsa, təkcə onlar təhsil prosesindən kənarda qalıblar. Buna baxmayaraq, bu proseslərdə həkimlər qədər müəllimlər də fədakarlıq göstərdilər. Proqrama uyğun olaraq fənlərin tədrisini həyata keçirməyə çalışdılar. Hesab edirəm ki, təhsil haqları ödənməlidir. Bir çox universitetlər distant formada imtahanlar təşkil etdilər. Tələbələr kursdan kursa keçməlidirlər. Valideynlər də bunu anlamalıdırlar. Ona görə də kursu başa vurmaq istəyən tələbə həmin kurs üzrə fənlərin mənimsənilməsi üçün müəllimlərlə  kifayət qədər əlaqə qurdular. Bu baxımdan bir təhsil eksperti və millət vəkili kimi təhsil haqlarının geri qaytarılması və ya təhsil haqlarının ödənilməməsi ilə bağlı fikirlərin doğru olmadığını düşünürəm".

Sevda Ulutau / Redaktor.az