Dünya Axıska Türkləri Birliyi SOCAR-a təşəkkür edib

 10:17 18.06.2020     1376

Dünya Axıska Türkləri Birliyinin (DATÜB) Baş direktoru Ziyatdin Kassanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinə təşəkkür məktubu göndərib.

Redaktor.az-ın məlumatına görə, məktubda qeyd edilir ki, 2010-cu ildə yaradılan DATÜB Axıska Türklərinin dövlətlərarası qeyri-hökumət təşkilatıdır. Qurum yarandığı gündən Vətənlərindən uzaqda, dünyanın 9 müxtəlif ölkəsində yaşayan axıskalı türk tələbələrinin təhsil almaları üçün təqaüdlərin verilməsinə kömək göstərir. Birlik Axıska sürgünün 75-ci ildönümü ərəfəsində Azərbaycandan gəlib Gürcüstandakı müxtəlif universitetlərdə təhsil alan, Axıska türkü olan tələbələrə təqaüdlərin verilməsinə görə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinə təşəkkür edib.

Qeyd edək ki, “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqqlarını ödəyir. 2019-cu ildə bu tələbələrin sayı 1 980 nəfərə çatıb. 2013-2017-ci illər ərzində şirkət tərəfindən Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə də təqaüd verilib.